Daha bir Avropa lideri elan edib ki, gələn ilin fevralında Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcək.
Virtualaz.org saytı Qərb mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olandın Soçiyə getməyəcəyi açıqlanıb, ancaq bunun səbəbləri barədə izahat verilməyib. Məlumatı xarici işlər naziri Loran Fabius açıqlayıb. L.Fabius bəyan edib ki, o, özü də açılış mərasiminə qatılmayacaq. Fransa xarici işlər nazirinin bəyanatı yerli telekanallardan birinin efirindəki siyasət proqramında səslənib. “Mən Soçi olimpiya oyunlarına böyük uğur arzu edirəm.
Ancaq deməliyəm ki, Fransa prezidentinin açılışda iştirakı nəzərdə tutulmayıb” - deyə xarici işlər naziri bildirib. L.Fabius Fransanın açılış mərasimində hansı səviyyədə təmsil olunacağını dəqiqləşdirməyib. Bundan əvvəl Almaniya prezidenti Yoahim Qauk da Soçi olimpiadasının açılış mərasiminə qatılmayacağını bildirmişdi. Almaniya prezidentinin mətbuat katibi bunun səbəbini izah etməyib. Həmçinin Avropa Komissiyasının sədrinin müavini Soçi olimpiadasına qatılmayacağını elan edib. Ekspertlərin qənaətinə görə, daha bir neçə Avropa lideri Soçi yarışlarının açılış mərasimini boykot edə bilər.
Bu, Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünü pozmaq siyasətinə cavab da sayıla bilərdi. Eyni zamanda Rusiyada gey-təbliğatı qadağan edən qanunun qəbulundan sonra Qərbdə Soçi yarışlarını boykot çağırışları səslənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?