200 nəfər kənd sakini Axaltsixe rayon polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda zədələnən minarənin bərpa olunmasını tələb edir
Gürcüstanın Adıgeni rayonunun (Samtsxe -Cavaxeti) Çala kəndində 20 nəfər saxlanılıb. APA-nın Gürcüstan bürosu DİN-in məlumatına istinadən bildirir ki, saxlanılan şəxslər polisə fiziki müqavimət göstərməkdə ittiham olunur. Hadisə avqustun 26-da Çela kəndində bir ay bundan əvvəl tikilmiş minarənin sökülməsinə görə baş verib.
"Gürcüstan Müsəlmanları İttifaqı" adlı qurumun rəhbəri Tariel Nakaidzenin verdiyi məlumata görə, bu gün yerli icra nümayəndəliyi məscidin minarəsini sökmək istəyərkən, məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb. Nəticədə polislə yerli sakinlər arasında qarşıdurma baş verib: “Hadisə yerinə çoxlu sayda insan toplaşıb. Mən dövlət strukturlarını minarəni sökməməyə çağırıram”.
Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri saxlayıb. Onlar Axaltsixe rayon polis idarəsinə aparılıb. Çela kəndindən gələn 200 nəfər kənd sakini Axaltsixe rayon polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda zədələnən minarənin bərpa olunmasını tələb edir.
Acarıstanda yaşayan müsəlmanlar da Samtsxe-Cavaxetidə yaşayan müsəlmanlarla həmrəylik olduqlarını elan edib. Xulo rayonunun müftisi Aslan Abaşidze bildirib ki, 500 nəfərədək insan artıq Axaltsixeyə yola düşüb: “Biz hələ Danisparauli kəndində dayanmışıq. Hakimiyyətə məsələni sülh yolu ilə həll etmək imkanı vermək istəyirik. Xalq həyəcan içindədir. Çünki məscidə gedən yolları xüsusi təyinatlılar bağlayıb”.
Sorğu
Yeni dizaynımız necədir?