GundemXeber.Az bildirir ki, dünən Diasporla İş üzrə Dövlət Komitəsindən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) toplantısı keçirib və ölkədə yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və qaynar xətt yaradıb.
“Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 175 nəfərin müraciəti təmin olunub. Onlardan 47 nəfər təxliyyə edilib, 128 nəfərə isə maddi yardım göstərilib. Onlar müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub”-məlumatda belə deyilirdi. Bu gün əldə etdiyimiz bəzi məlumatlar isə Ukraynadakı Oprerativ Qərargahımızın işinin xeyli ağır olacağını göstərir. Nədən ki, Ukrayna ilə Polşa arasındakı sərhəddə yüzlərlə vətəndaşımızın çətin vəziyyətdə qaldığı bildirilir.
Məlumata görə, artıq 4 gündür sərhəddi keçə bilməyən insanların yaratdığı qələbəlik kilometrlərlə uzanır. Ən acınacaqlısı isə odur ki, bu növbə nizamlı deyil və insanlar bir-birinə yaxın vəziyyətdə dayanmış kütləvi mitinq iştirakçılarını xatırladırlar. Günlərlə bu cür qələbəlik halında bir addım belə irəliləməyən növbədəkilərin koronavirusa yoluxma ehtimalı da yüksəkdir. Çünki həm Ukrayna, həm də Polşa koronavirusun yayıldığı ölkələr sırasındadır. Sərhəddə növbə gözləyən vətəndaşlarımız bu mənada iki od arasında qalmış çarəsiz durumundadırlar.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, Polşada indiyədək 2365 nəfər koronavirusa yoluxub, onlardan 33-i dünyasını dəyişib. Ukraynada isə bu göstərici müvafiq olaraq 550/13-dür. Bunlar, təbii ki, rəsmi göstəricilərdir və hər iki ölkədə vəziyyət qeydə alınanlardan qat-qat ağırdır. Hər iki ölkədə karantin tədbirlərinin alınması öz el-obasından didərgin düşən insanlarımızı daha da çətin vəziyyətə salır.
Vətəndaşlarımızdan bəziləri martın 21-dən bu növbələrdə gözlədiklərini bildirir və yaşadıqlarını cəhənnəm əzabı kimi qiymətləndirirlər. Amma deyəsən, onların cəhənnəm əzabı Ukraynaya keçəndən sonra da bitməyəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dünən yaydığı məlumatdan da belə çıxır. Məlumata görə, Ukraynadakı azərbaycanlılarının problemi ilə məşğul olan Operativ Qərargaha ümumilikdə 420-dən çox müraciət daxil olub, onlardan yalnız 175-nin problemi yoluna qoyulub. Müraciətlərin əksəriyyəti isə təxliyyə və maddi yardımla bağlıdır. Belə çıxır ki, Ukraynadakı Operativ Qərargahımız onlara müraciət edən insanlarımızın yalnız 1/3-nin problemini həll etmək gücündədir. Bir də hələ Ukraynada onminlərlə problem içərisində çırpınan vətəndaşlarımız var ki, onların həmin qərargahdan ümumiyyətlə xəbərləri yoxdur. Bir də bu bunların sırasına Polşadan Ukraynaya sığınan azərbaycanlılar əlavə olunacaq.
Ən dəhşətlisi isə odur ki, problemin həllində Ukraynadakı səfirliyimizin heç bir rolu sezilmir. Əvvəlki səfir Azər Xudiyevdən boşalan vəzifəyə təyin olunmuş Elmira Axundovanın varlığı ilə yoxluğu belə sezilmir. Halbuki, vətəndaşlarımızın təxliyyəsi və problemlərinin həlli ilə əsasən səfirlik məşğul olmalıdır.
Azərbaycan hakimiyyəti Ukraynada çətin vəziyyətdə qalan insanlarımızın taleyi barədə dərindən düşünməli və yaranmış problemi yoluna qoymağı daha ciddi adamlara həvalə etməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?