Türkiyədə bu həftəsonu 15 bölgədə tətbiq edilməsi nəzərdə tutulan komendant saatı ləğv edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter mikrobloqunda məlumat verib.
“Dünən gecə Səhiyyə Nazirliyinin təklifi və Daxili İşlər Nazirliyinin təlimatı ilə bu həftəsonu 15 əyalətdə komendant saatı tətbiq ediləcəyi elan olunmuşdu. Ancaq vətəndaşlarımızdan aldığımız qiymətləndirmələr qərarın yenidən nəzərdən keçirilməsinə səbəb oldu.
Yeganə məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və vətəndaşlarımızı qorumaq olan bu qərarın fərqli sosial və iqtisadi nəticələrə səbəb olacağı aydın oldu. 2,5 aylıq bir fasilədən sonra yenidən gündəlik həyatlarını normallaşdırmağa başlayan vətəndaşlarımızın problemlərlə üzləşməsinə razı olmadıq. Bunun üçün Prezident olaraq, 15 əyalətimizi əhatə edən həftəsonu komendant saatı tətbiqini ləğv etmək qərarına gəldim. Vətəndaşlarımdan xahiş edirəm maska- sosial məsafə-təmizlik qaydalarına bu müddətdə ciddi riayət etsinlər”, - deyə Ərdoğan qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?