“Report”un xüsusi müxbiri xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub.
Uçuşda Vaşinqtonda, Los-Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ-ın digər şəhər və ştatlarında təhsil alan, yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub.
210 həmvətənimizin təxliyəsinin reallaşdığı çarter uçuşu Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə "Report"a açıqlamasında bildirib ki, təxliyə olanan vətəndaşlar arasında daha çox tələbələr, yaşlı insanlar və maddi çətinliklərlə üzləşən vətəndaşlarımız üstünlük təşkil edir: “Bu gün ilk dəfə olaraq ABŞ-da yaşayan vətəndaşlarımızın təxliyə uçuşu həyata keçirildi. Bu uçuşla ölkəmizə 210 nəfər vətəndaşı yola saldıq. Həmvətənlərimizin ən qısa zamanda ölkəmizə sağ-salamat çatmasını diləyirik”.
Konsul yaxın tarixlərdə növbəti çarter uçuşlarının da olacağını deyib: “Növbəti çarter uçuşları ilə bağlı işlər görüləcək və bunun üçün yeni siyahılar tərtib olunacaq. ABŞ-da yaşayan bütün vətəndaşlarımıza xatırlatmaq istərdim ki, səfirlikdə müvafiq qaydada qeydiyyatdan keçsinlər. Bu zəruridir, çünki yaxın gələcəkdə təşkil olunan reyslər vətəndaşlarımızın müraciətləri sayəsində dəqiqləşəcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?