ABŞ Dövlət katibi Mayk Pompeonun qanunvericilik məsələləri üzrə qaradərili köməkçi Meri Elizabet Teylor nümayişkaranə şəkildə vəzifəsindən istefa verib.
“The Daily Mail”in yazdığına görə, o, Prezident Donald Trampın irqçilik əleyhinə keçirilən kütləvi etiraz aksiyalarına münasibətinə görə bu addımı atıb. 30 yaşlı Teylor Pompeoya yazdığı məktubda qeyd edib ki, prezidentin irqi ədalətsizliyə münasibəti onun əsas dəyərlərinə ziddir. Buna görə də o, vicdanının səsinə qulaq asaraq dövlət katibinin köməkçisi postundan istefa vermək qərarına gəlib.
Qeyd edək ki, M.E.Teylor tarixdə ilk qaradərili idi ki, dövlət katibinin qanunvericilik üzrə köməkçisi vəzifəsini tutmuşdu. O, bu vəzifəyə 2018-ci ilin oktyabrında təyin olunmuşdu.
Tramp Teyloru hiddətləndirən fikirləri “Twitter” səhifəsində əksini tapıb. Belə ki, qaradərili Corc Floydun ağdərili polis tərəfindən aşırı güc tətbiqi nəticəsində ölməsindən sonra bütün ABŞ-da irqçiliyə etiraz olaraq aksiyalar keçirilib. Bir sıra ştatlarda bu aksiyalar iğtişaşlara və dağıntılara keçmişdi. Həmin vaxt Tramp “Twitter”də “Soyğun başlayanda atəş də başlayır” yazmaqla polisin etirazçılara atəş açmasına haqq qazandırmışdı. Dövlət katibinin köməkçisi prezidentin bu sözlərinə etiraz olaraq postunu tərk edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?