"Avropa Birliyi (AB) Türkiyə və Rusiya ilə münasibətlərdə ən doğru tarazlığı tapa bilməsə, qitədə sabitlik olmayacaq”.
Bunu AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.
Borrel Türkiyənin Şərqi və Şimali Afrikadan Qərbi Balkana qədər regional münasibətlərini gücləndirdiyini, Suriya və Liviyadakı fəaliyyətinin AB-nin maraqlarını əks etdirmədiyini deyib.
O, Türkiyənin iki tədqiqat gəmisinin – “Oruc Rəis” və “Barbaros Hayrettin Paşa”nın Aralıq dənizinin şərqinə göndərməsinin hər gün Brüsseldə müzakirə olunduğunu vurğulayıb:
“Türkiyə diqqətdə saxlanılacaq qədər regional gücə çevrildi və inkar edilməyəcək qədər uğurlar qazandı. Təəssüf ki, bəzi məqamlarda Türkiyənin beynəlxalq gündəmi AB-nin maraqlarına uyğun gəlmir”.
Borrelin sözlərinə görə, Türkiyənin bu su hövzəsindəki fəaliyyəti AB ilə münasibətlərini zədələyir.
Borrel Türkiyə ilə münasibətlərin qarışıq və çoxvektorlu olduğunu, Yunanıstanla Türkiyə arasındakı anlaşılmazlıqlar və Kipr məsələsinin həlsiz qalmasının gərginliyi bir qədər də artırdığını bildirərək, bu məsələlərin təxirə salınmadan həllinin vacibliyinə diqqət çəkib.
Diplomat Türkiyənin AB-yə üzv olmasının mümkünlüyünə də diqqət çəkib:
“Məsələ ilə əlaqədar dürüst və dərin dialoqun qurulması üçün Türkiyənin də bizim istəklərimizə müsbət cavab verəcəyinə şübhəmiz yoxdur. Türk rəsmilərinin AB-yə üzvlüyü prioritet elan etmələri bizi məmnun edir. Eyni zamanda, bu niyyətin həyata keçməsinə yol açan şərtləri yerinə yetirmək də önəmlidir. AB-nin də öz payına düşənləri yerinə yetirməsi lazımdır. Qarşılıqlı qisas dinamikasından uzaqlaşıb, yenidən çıxış yolu tapıb, əməlkdaşlığa qayıtmalıyıq. Bütün şərtlər yerinə yetiriləcəyi halda Türkiyəni ailəmizin bir üzvü kimi qəbul edəcəyik”.
Borrel qeyd edib ki, Türkiyə ilə güclü münasibətlər AB-nin təhlükəsizliyinə böyük töhfə olar:
“Türkiyənin rifahı və NATO müttəfiqi olaraq təhlükəsizliyi üçün AB ilə münasibətlərin gücləndirilməsi vacibdir. Buna alternativ yoxdur. Münasibətlərimizə istiqamət vermək üçün şansımız var”./Teleqraf.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?