Gundemxeber.az » Dünya » Daha bir paşinyansayağı manipulyasiya, bu dəfə 31 il əvvəlki sənədə istinadən
44 günlük müharibə və onun Ermənistan üçün acınacaqlı nəticələri, bu ölkənin rəsmən kapitulyasiya etməsi, nəticədə regionda tamamilə yeni reallıqların formalaşması belə məntiqi mülahizələrə əsas verirdi ki, nəhayət rəsmi İrəvan Azərbaycanla yekun sülhdən başqa alternativin qalmadığını dərk edəcək. Sülh razılaşmasına dair danışıqlara başlamaq çağırışlarına (hansı ki, rəsmi Bakı bir ildən artıq bu çağırışlarını səbrlə təkrarlayır, eyni zamanda vurğulayır ki, onun səbri hüdudsuz deyil, sülh çağırışlarına məhəl qoyulmasa bundan itirən Azərbaycan olmayacaq-red.) konstruktiv yanaşacaq və vaxt itirmədən bu prosesi başladacaq.
Sülh danışıqlarının, o cümlədən sərhədlərin müəyyən edilməsi prosesinin başlıca, beynəlxalq praktikada qəbul edilmiş və təsbit olunmuş şərti isə əlbəttə ki, ölkələrin bir-birlərinin ərazi bütövlüklərini rəsmən, qarşılıqlı diplomatik notalar təqdim olunmaqla tanımasıdır. İndiki halda Ermənistan üçün bu o deməkdir ki, rəsmi İrəvan Azərbaycan ərazilərinə, o cümlədən onun tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə hər hansı iddiasının olmadığını bəyan etməlidir. Və bunu rəsmi qaydada bildirməlidir və Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıdığına dair nota verməlidir.
Amma Ermənistan rəhbərliyi bu məsələdə ziddiyyətli, bir çox hallarda adekvat olmayan yanaşma nümayiş etdirməkdədir. Məsələn, baş nazir Nikol Paşinyan vaxtaşırı olaraq çıxışlarında deyir ki, Ermənistan Azərbaycanla sərhədlərin müəyyən edilməsi, o cümlədən sülh razılaşmasının əldə olunması üçün danışıqlara başlamağa hazırdır. Və Azərbaycanla sülh razılaşmasının Ermənistan üçün həyati önəm daşıdığını da etiraf edir. Lakin söhbət sülhə aparan yolda birinci addımın atılmasına-ərazi bütövlüyünün qarşılıqlı tanınmasına gələndə Paşinyan bildirir ki, əslində həm Ermənistan, həm Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini hələ 1991-ci ildə tanıyıblar.
Axı Paşinyan hansı sənədə istinad edir? Qarabağda müharibənin şiddətli vaxtında Ermənistan belə sənədə nə vaxt imza atıb? Əgər belə sənədə imza atmışdısa o zaman müharibəni, Azərbaycan ərazilərinin işğalını niyə dayandırmayıb?
Məsələ bundadır ki, Paşinyan Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri haqqında 1991-ci il Almatı Bəyanatına istinad edir. Bildirir ki, bu sənədə görə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasına baxmayaraq “Dağlıq Qarabağ” məsələsi o zaman da həll olunmamış qalmışdı. Bununla da Paşinyan sübut etməyə çalışır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyanda Qarabağ məsələsinin buna dəxli yox idi. Bu, Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ regionundan ayrı nəzərdən keçirməyə yönəlmiş çox primitiv, beynəlxalq hüquqa hər hansı formada dəxli olmayan, spekulyasiya xarakterli yanaşmadır. Hansı ki, heç Ermənistanın özündə Paşinyanın bu yozumunu ciddi hesab etmirlər.
virtualaz.org Paşinyanın istinad etdiyi Almatı Bəyannaməsinin mətnini internetiv arxivindən “çıxarıb” və nəzərdən keçirib. Hansı ki, həmin sənəd yalnız Azərbaycan və Ermənistan arasında imzalanmamışdı. Gürcüstan və Baltikyanı ölkələrdən başqa bütün keçmiş SSRİ respublikaları onu imzalayıb və ümumi şəkildə bir-birinin ərazi bütövlüklərinə hörmət ifadə ediblər, mövcud sərhədlərin toxunulmazlığını tanıyıblar. Sadəcə bu bəyanat Ermənistanın pozduğu növbəti bir hüquqi sənəddir. N.Paşinyanın özünün də dediyi kimi, bu sənəddə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanıyır (birbaşa ifadə edilməsə də), lakin sonradan Azərbaycan ərazilərinin işğal edilməsinə başlamaqla bu birgə bəyanatı pozub.
Azərbaycanın ərazi bütövlüyü anlayışını Dağlıq Qarabağ regionundan ayrı nəzərdən keçirmək cəhdlərinə Ermənistanda daha əvvəl də rast gəlinirdi. Məsələn, Ermənistanın keçmiş rəhbərləri iddia edirdilər ki, SSRİ dağılanda Azərbaycan və Ermənistan kimi Dağlıq Qarabağ Muxtar Vilayəti də “öz müqəddəratını təyin edib”, nəticədə bu region ”heç vaxt indiki Azərbaycan respublikasının tərkib hissəsi olmayıb”. Paşinyan isə həmin primitiv və heç bir hüquqi, məntiqi əsası olmayan spekulyativ yanaşmanı indi başqa formada, MDB iştirakçılarının Almatı Bəyanatına istinad etməklə davam etdirməyə çalışır.
Bəs beynəlxalq hüquq və normalar nə deyir? Bu normalara görə ölkələr BMT-yə üzv olarkən təşkilat onları aid olduqları ərazi, sərhədlər çərçivəsində öz sıralarına qəbul edir. Yəni bu və ya digər ölkənin BMT-yə üzv olarkən rəsmən tanınan ərazisi olur. Azərbaycan isə 1992-ci ildə BMT-yə üzv qəbul ediləndə Dağlıq Qarabağ onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tərkibində sayılırdı. 1993-cü ildə isə BMT Təhlükəsizlik Şurasının keçmiş münaqişə ilə bağlı qəbul edilmiş qətnamələrində, xüsusilə də 853, 874 və 884 saylı qətnamələrdə açıq şəkildə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadəsindən istifadə olunur. BMT Təhlükəsizlik Şurası beynəlxalq münasibətlərdə ali orqandı və siyasi və hüquqi təhlillərdə də məhz onun qərarları rəhbər tutulmalıdır.
Keçmiş münaqişənin hüquqi bazasına nəzər yetirdikdə digər önəmli sənəd isə ATƏT-in 1996-cı ildə baş tutmuş Lissabon sammitinin qərarıdır. Belə ki, bu sənəddə də Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib. Həmçinin 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyasında da ərazi bütövlüyü prinsipinin önəmi qeyd olunurdu. Daha sonralar da bir çox beynəlxalq təşkilatlar tərəfindən Qarabağın Azərbaycana aid olmasına dair çoxlu sayda qərarlar qəbul edilib.
Yəni Ermənistan rəhbərliyinin keçmiş Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkibindən kənarda nəzərdən keçirən, yaxud buna eyham vuran hər hansı beynəlxalq sənəd, qətnamə, bəyanat axtarması absurddur, sərsəm ideyadır. Belə yanaşma, spekulyasiya cəhdləri göstərir ki, Ermənistan rəhbərliyi hələ də regionda yaranmış reallığı dərk etmək, onunla barışmaq istəmir. Bir tərəfdən sülhə hazır olduğunu bildirir, digər tərəfdən sülhə aparan yolun əvvəllinə kötük diyirləməyə çalışır.
Digər tərəfdən, Paşinyanın istinad etdiyi həmin 1991-ci il Almatı bəyanatını imzalayan dövlətlərin Ermənistan istisna olmaqla hamısı keçmiş Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu dəfələrlə, ən müxtəlif səviyyələrdə bəyan ediblər, tanıyıblar. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Məsələn, Rusiya prezidenti Vladimir Putinin 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra “Rossiya 1” telekanalına verdiyi müsahibəyə nəzər salaq.
Həmin müsahibədə Putin KTMT-nin 44 günlük müharibədə Ermənistana niyə kömək etmədiyini izah edərək bildirir ki, bütün beynəlxalq normalara görə Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınıb. Dağlıq Qarabağ indi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir və nəticədə Rusiyanın bu münaqişəyə birbaşa qarışması üçün heç bir hüquqi əsas ola bilməzdi. KTMT isə ancaq Ermənistan ərazisinə müdaxilə halında bu ölkənin köməyinə gedə bilər.
Lakin beynəlxalq birliyin, böyük dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinin bu cür aşkar ortada olduğu bir vaxtda N.Paşinyanın hansısa sənədə istinad edərək Qarabağ və Şərqi Zəngəzurun Azərbaycana aid olmasını sual altına almaq cəhdləri heç bir hüquqi bazaya söykənmir və növbəti uğursuz avantüradır. Ermənistan yeni reallığı qəbul edib Azərbaycana qarşı ərazi iddialarından nə qədər tez əl çəksə (və bunu yuxarıda qeyd olunduğu kimi, rəsmi diplomatik qaydada ifadə etsə), Paşinyan bu cür manipulyasiyalara nə qədər tez son qoysa onun üçün o qədər yaxşıdır.
Əks təqdirdə, Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistan yenə də öz cavabını alacaq. Çünki Azərbaycan qalib ölkə kimi kapitulyasiya etmiş tərəfi səbrlə sülhə səsləsə də bu səbrin hüdudları sonsuz deyil. Ermənistan yenə də bütün mümkün nəticələri ilə birlikdə müharibə vəziyyətində yaşamaq istəyirsə bu onun öz seçimi olacaq, bundan itirən Azərbaycan olmayacaq.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa hər hansı iddiaların Ermənistan rəhbərliyi tərəfindən bu cür üstüörtülü, dolayısı şəkildə ifadə edilməsi birmənalı şəkildə avantüradır, bir dəfə tapdaladıqları dırmığa yenə ayaq basmaqdır. N.Paşinyan və onun havadarları birdəfəlik bunu dərk etməlidir ki, münaqişə bitib, artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var.
GundemXeber.Az
22-06-2018, 14:24
22-08-2021, 18:41
18-03-2019, 17:00
1-07-2021, 10:55
13-09-2018, 12:20
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?