Gundemxeber.az » Dünya » ABŞ Rusiyaya maliyyə sanksiyaları tətbiq edir
ABŞ prezidenti Co Bayden Ukraynanın şərqində iki separatçı regionun müstəqilliyini tanıdıqdan sonra Rusiyaya qarşı sanksiyaların ilk qismini açıqlayıb. Sanksiyaların ilk hədəfi Rusiyanın iki böyük bankıdır.
Bayden Ağ Evdə mətbuat üçün açıqlamalarında Rusiyanın iki separatçı bölgənin müstəqilliyini tanımasının beynəlxalq hüquqa zidd olduğunu və beynəlxalq ictimaiyyətdən sərt reaksiya tələb olunduğunu bildirib.
ABŞ prezidenti Rusiyanın iki böyük maliyyə qurumuna qarşı sanksiyaların tətbiq ediləcəyini və Rusiya hökumətinin dövlət borclarında Qərbin maliyyələşməsindən faydalana bilməyəcəyini açıqlayıb.
“Bu o deməkdir ki, biz Rusiya hökumətini Qərbin maliyyəsindən ayırmışıq. O artıq Qərbdən pul ala bilməyəcək və öz qiymətli kağızları ilə bizim və Avropanın bazarlarında ticarət edə bilməyəcək”, o bildirib.
Bayden həmçinin Almaniya hökuməti ilə Rusiya təbii qazının Almaniya üzərindən Avropaya nəqlinin planlaşdırıldığı Şimal axını 2 boru kəmərinin istifadəyə verilməməsi üzərində çalışdığını bildirib.
Prezident Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı Rusiyanın bir hissəsi kimi təsvir etdiyi çıxışına toxunaraq, “dünya Putinin tarixi təhrif olunmuş şəkildə yenidən yazdığını açıq şəkildə eşitdi” deyə, bildirib. “Putin birbaşa Ukraynanın mövcudluq hüququna hücum edib”, o əlavə edib.
ABŞ prezidenti sanksiya qərarının müttəfiqlər və tərəfdaşlarla razılaşdırılaraq qəbul edildiyini vurğulayıb.
Rusiyanın addımlarını “işğal” kimi qiymətləndirən prezident Bayden Moskvanın aqressiyanı genişləndirəcəyi təqdirdə administrasiyasının sanksiyaları artırmağa hazır olduğunu bildirib.
Bayden Rusiya gərginliyi artırmağa davam edərsə, Ukraynaya müdafiə yardımının göstərilməsinə və NATO-nun şərq cinahının gücləndirilməsinə davam ediləcəyini qeyd edib.
ABŞ administrasiyası son bir neçə həftə ərzində Rusiyanın Ukraynaya təcavüzü davam edərsə, Moskvaya qarşı “sərt və sürətli” tədbirlər görüləcəyini və yeni sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.
Ağ Ev Rusiya hərbi qüvvələrinin özünü “respublika” elan etmiş separatçı ərazilərə daxil olmasından sonra Moskvanın hərəkətlərini müstəqil dövlət olan Ukrayna ərazisinə növbəti hərbi müdaxilə kimi qiymətləndirir.
22-09-2016, 13:19
29-04-2021, 09:57
4-03-2021, 09:57
16-04-2021, 11:38
5-02-2017, 21:02
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?