Gundemxeber.az » Dünya » BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Buçada mümkün müharibə cinayətlərinə dair sübutlar toplayır
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Rusiya qüvvələrinin Ukraynanın Buça şəhərində törətdiyi mümkün hərbi cinayətlərə dair sübutlar topladığını bildirib.
BMT-nin İnsan hüquqları üzrə komissarı Mişel Baçelet paytaxt Kyiv yaxınlığındakı Buça şəhərinin küçələrində mülki şəxslərin cəsədlərinin görüntülərindən dəhşətə gəldiyini bildirib. Onun mətbuat katibi Liz Trossell təhqir olunmuş cəsədlərin fotoşəkillərinin çox narahatedici olduğunu deyib.
Trossell qeyd edib ki, əlləri bağlı insanların, qismən çılpaq qadınların və yandırılan cəsədlərin fotoşəkilləri onların bilavasitə hədəfə alındığını göstərir.
O, beynəlxalq humanitar hüquqa görə, mülki əhalinin qəsdən öldürülməsinin müharibə cinayəti olduğunu deyib.
“Biz bunun konkret müharibə cinayəti olduğunu demirik. Bunu hələ müəyyən edə bilmərik. Buna görə də, məsələn, müfəssəl məhkəmə ekspertizaları olmalıdır. Odur ki, bunların kimlər tərəfindən və hansı tarixdə baş verdiyi barədə ətraflı monitorinq edilməli və məlumatlar toplanmalıdır. İndi biz də digər qurumlar kimi bu kimi işlərin görülməsinə çalışırıq”, deyib Trossell.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya hərbçilərinin Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı istintaqa başlayıb. Məhkəmənin baş prokuroru müharibə zamanı hərbi cinayətlərin törədildiyinə dair ağlabatan əsasların olduğunu deyib. O, mümkün müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımla bağlı sübutların toplandığını bildirib.
Trosselin dediyinə görə, bu işin davam etməsi və bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi vacibdir.
Rusiya əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı iddiaların yalançı təbliğat olduğunu deyib və Ukrayna xüsusi təyinatlılarını Kremlin reputasiyasını ləkələmək üçün Buçada saxta ssenari hazırlamaqda ittiham edib./amerikaninsesi.org/
11-12-2017, 10:45
19-06-2019, 16:27
20-06-2018, 12:26
12-03-2019, 23:08
6-10-2013, 01:11
Sorğu
Yeni dizaynımız necədir?