Gundemxeber.az » Dünya » Putin generallara qarşı... - Baş Qərargah və Kreml arasında çox ciddi münaqişə yetişir...
Putin generallara qarşı... - Baş Qərargah və Kreml arasında çox ciddi münaqişə yetişir...
Artıq Putin ilk günlərdən anlayıb ki, Ukraynadakı müharibə onun istədiyi ssenari üzrə getmir və qarşıda şiddətli döyüşlər gözlənilir. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Putinin gərgin və çox həyəcanlı olması da, əsasən, bununla bağlıdır.
Amma maraqlıdır ki, reallığı nəzərə alan Putin bir tərəfdən hərbi əməliyyatların mövcud vəziyyətə uyğun aparılmasını istəyir, digər tərəfdən isə hərbi komandanlıqdan 9 may Qələbə gününə kimi döyüş meydanında mühüm və həlledici qələbə qazanılmasını tələb edir.
Ekspertlərin fikrincə, Kremldən verilən göstərişlərin xoşagəlməz nəticələrə gətirdiyini görən rus generalları gələcəkdə baş verəcək uğursuzluqlara görə cavabdehlik daşımamaq üçün günahkar axtarışına çıxıblar.
“AzPoltika.info” xəbər verir ki, Ukraynanın ”Apostrof.ua” portalında dərc olunan ”Putin generallara qarşı: Kreml füreri hansı vəziyyətə düşüb” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqaləni təqdim edirik:
Günahkar axtarışı
Ukraynadakı uğursuzluqlar fonunda Rusiya hakimiyyətinin yuxarı eşalonunu əsaslı surətdə “iki böyük sual” narahat edir: kimdir günahkar və nə etməli?
Rusiya hərbi komandanlığı ilə xüsusi xidmət orqanları rəhbərliyi Ukraynaya qarşı aparılan müharibədə Kremlin ilkin ssenarisinin uğursuzluqla nəticələnməsinin günahını bir-birilərinin üstünə atmağa çalışırlar.
“Penta” Tətbiqi Siyasi Təhqiqatlar Məkəzinin rəhbəri Vladimir Fesenko vəziyyəti belə şərh edir: ”İndi daxili qarşıdurma nəinki ayrı-ayrı strukturlar (Hərbi Kəşfiyyat, Müdafiə Nazirliyi və FTX) arasında, həm də həmin strukturların özünün içində də gedir. Hərbi uğursuzluqların səbəbini təhlil etmədən günahkar axtarışına çıxıblar.
Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu 29 martda keçirilən selektor müşavirəsində ictimaiyyətə bəyan etdi ki, Ukraynadakı hərbi əməliyyatlar plan üzrə gedir və indi Kreml komandanlığı güclərini Donbasın azad edilməsinə yönəldəcək. Şoyqunun bu sözləri təbliğat xarakterlidir. Axı, Kiyevin zəbt olunmamasına bəraət qazandırmaq lazımdır.
Xersona girmək müyəssər olsa da, ruslar digər vilayətləri ala bilmədilər. Ona görə də, Rusiya komandanlığı demək istəyir ki, onlar guya, elə hər şeyi əvvəlcədən məhz indiki vəziyyətə görə planlaşdırıblar. Heç sözsüz ki, onlar ilk başdan paytaxt Kiyevi ələ keçirmək fikrində olublar”.
Putinin 9 may planı
Sergey Şoyqunun “Donbasın azad edilməsi” ilə bağlı sözlərinə baxmayaraq, Ukraynanın hərbi-siyasi rəhbərliyi hesab edir ki, Putin Ukrayna dövlətinin məhv edilməsi planından qətiyyən əl çəkməyib. Axı, nəyə görə Kreml rəhbəri qeyri-adekvat planların həyata keçirilməsi ilə bağlı sayıqlamalarını davam etdirir?
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bunu belə izah edir: ”Putin şablon və bayağı rəmzlərdən öz rejimini saxlamaq üçün istifadə edir. Kremlin siyasi sisteminin özəyinin elementlərindən biri SSRİ-nin nasist Almaniyası üzərindəki “Qələbə günü”dür və bu, 9 may tarixində qeyd olunur. Putin Ukraynaya qarşı təcavüzünün zəfərlə bitməsini həmin günə calamaq niyyətindədir. O, bu günü müqəddəs gün hesab edir və ona görə də, hərbi komandanlıq qarşısında həmin günə kimi Ukraynadakı müharibənin qələbəylə başa vuruluması tapşırığını qoyub. Biz anlamalıyıq ki, irəlidə hələ çoxlu döyüşlər olacaq”.
Anoloji məlumatlar ABŞ hərbi kəşfiyyatından da gəlir. Onlar əmindirlər ki, Putin üçün 9 maya kimi döyüş meydanında hansısa irəliləyiş, müəyyən bir üstünlük lazımdır. Amma Rusiya ordusunun komanda heyətinin və əsgərlərin döyüş ruhuna nəzər salsaq, onların bu tapşırığın öhdəsindən gələ biləcəkləri böyük sual altına düşür.
Hərbi ekspert Oleq Jdanov deyir: ”Putin hələ ki, heç bir nəticə görmür, generallar ona döyüş meydanındakı nailiyyətlər barədə məlumatlar verə bilmirlər. Ona görə də, generallar və Putin arasında çox ciddi münaqişə yetişir. Bir tərəfdən Putin qələbənin nə zaman olacağı ilə maraqlanır, digər yandan isə generallar “sabah biz hər yeri ələ keçirəcəyik” vədləri verirlər. Artıq bu cür vədlər Putini təngə gətirib və bu səbəbdən o, bərk əsəbləşir, psixə dönür”.
Generalların gizli oyunları
Moskvanın daim öz təcavüzkar planını dəyişməsi Rusiya ordusunun və digər güc strukturlarının strateji və taktiki cəhətdən uğursuzluğa düçar olduğunu göstərir. Hal-hazırda istər Kreml, istər Federal Təhlükəsizlik Xidməti və istərsə də, Baş Qərargah Rusiya fürerinin hakimiyyətdə olduğu illər ərzində qurmuş olduğu mürəkkəb münasibətlər sisteminin girovundadırlar.
Əslində, Putin özünün uydurduğu “vahid xalq”, ”ukraynalı nasistlər”, ”Ukraynanı Lenin yaradıb” və bu kimi digər axmaq illüziyaların əsirinə çevrilib. Digər yandan isə milyardlarla büdcə vəsaitini “ordunun silahlanması və modernləşdirilməsi” adı altında yeyib dağıtmış Rusiya generaliteti, nəhayət, Ukraynada bataqlığa saplanıb.
Kreml füreri özünün yaratdığı xüsusi aləmdə yaşayır, generallar isə Ukrayna ilə bağlı perspektivlər və döyüşlərin nəticələri barəsində ona qəsdən yalan məlumatlar verirlər.
Ordu araşdırmaları, konversiya və silahsızlaşdırma mərkəzinin rəhbəri Valentin Badarak “Apostrof.ua” ilə söhbətində deyib: “Putinin ətrafı müxtəlif səbəblər üzündən ona “bəzədilmiş” məlumatlar təqdim edə bilər. Birincisi, həqiqəti danışmaqdan qorxurlar. Biz Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Təhlükəsizlik Şurasının yığıncağında dilinin necə dolaşmasının və dxr ilə lxr-in müstəqilliyinin tanınması ideyasını dəstəklədiyini söyləyə bilməməsinin şahidiyik. İkincisi, Rusiya Baş Qərargahındakı generallar Ukrayna ilə müharibənin real olaraq nəyə gətirib çıxaracağını bildiklərindən susurlar ki, Putin səhv etsin. Yəni, qoy özü özünü yandırsın”.
Döyüş meydanında baş verənlərə dair obyektiv məlumatların Putindən gizlədilməsinin açıq əlamətlərini bu yaxınlarda onun Kiyevin ünvanına göndərdiyi ultimatumdan da görmək mümkündür. Rusiyanın hərbi resurs qıtlığı çəkməsinə baxmayaraq, o, Kiyevin qarşısında Krım, Donbas və NATO-dan imtina etmək tələbi qoyur.
Putinin öz xüsusi xidmət orqanları və ordu generalları tərəfindən dezinformasiya ilə “yemlənməsi” versiyası Qərb kəşfiyyatçıları, hərbçiləri və jurnalistləri arasında geniş yayılıb. Böyük Britaniya kəşfiyyatı bildirir ki, Putinin Ukrayna barəsindəki hesablamalarının yanlış çıxmasının səbəblərindən biri də ətrafının ona həqiqəti söyləməkdən ehtiyat etməsilə əlaqədardır. Bu, təkcə orduya yox, həm də Federal Təhlükəsizlik Xidmətinə, Milli Qvardiyaya da aiddir. Məsələn, Milli Qvardiya hətta uğursuzluğa düçar olmuş müharibədən özü üçün fayda götürməyi arzulayır. Çünkü belə bir vəziyyət onların Kremldəki mövqeyini daha da gücləndirə bilər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, 9 may tarixinə kimi rusların Ukraynada nəinki qələbə qazanacaqları, hətta hansısa vacib üstünlük əldə edə biləcəkləri belə qətiyyən inandırıcı görünmür. Bu çətin tapşırığın yerinə yetirilməsi üçün Putinin çox az vaxtı qalıb.”
Vaqif Nəsibov (AzPolitika.info)
2-04-2016, 13:53
15-04-2016, 00:36
27-11-2013, 05:49
12-08-2013, 14:34
7-07-2017, 22:56
Sorğu
Yeni dizaynımız necədir?