Rusiyanın Cenevrədə BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı Boris Bondarev Ukrayna ilə müharibəyə görə istefa verdiyini açıqlayıb. BMT Watch-un icraçı direktoru, hüquqşünas və hüquq müdafiəçisi Hillel Noyer Twitter səhifəsində istefa barədə məlumat verib.
Boris Bondarev bildirib ki, diplomatik fəaliyyəti dövründə heç vaxt vətəninə və işinə görə bu qədər utanmalı olmayıb.
"Diplomatik karyeramın iyirmi ili ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, lakin bu il fevralın 24-də olduğu kimi ölkəmdən heç vaxt bu qədər utanmamışam" – deyə, Bondarev yazıb.
Onun sözlərinə görə, prezident Putinin başlatdığı "aqressiv müharibə" təkcə Ukrayna xalqına qarşı deyil, həm də Rusiya xalqına qarşı cinayətdir.
"Bu müharibəni başladanlar yalnız bir şey istəyirlər - hakimiyyətdə əbədi qalmaq" – deyə, diplomat vurğulayıb.
Hillel Noyer öz növbəsində qeyd edib ki, BMT-ni müşahidə təşkilatı bütün rusiyalı diplomatları Bondarevdən nümunə götürməyə və istefa verməyə çağırır.
BMT-nin Cenevrə ofisinin internet saytına istinadən Bondarev daimi nümayəndəlikdə məsləhətçi vəzifəsində çalışıb. Onun sözlərinə görə, 20 il diplomatik xidmətdə olub. "Təəssüf ki, bütün bu iyirmi il ərzində Xarici İşlər Nazirliyinin işində yalan və qeyri-peşəkarlığın səviyyəsi durmadan artır" – deyə, diplomat bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?