Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Suriya böhranına həsr edilmiş təcili iclası öz işinə başlayıb.
Fransanın BMT-dəki nümayəndəsi Fransua Delattre “Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadəsini” pisləyərək deyib ki, bunun məsuliyyətini prezident Əsəd və onu dəstəkləyən Rusiya daşıyır.
Britaniyanın BMT-dəki səfiri Karen Piers öz çıxışında deyib ki, Suriya rejimi Suriya xalqına qarşı kimyəvi silahlardan istifadə etməkdə davam edir. O bildirib ki, Rusiya kimyəvi silahla bağlı cinayətlərin araşdırlmasında beynəlxalq birliklə əməkdaşlıq etmir.
Səfir deyib: “Suriya artıq çoxdandır ki, beynəlxalq hüquqlara hörmət etmir və Rusiya bu işdə onu dəstəkləyir”.
Səfir qeyd edib ki, Britaniya Suriya münaqişəsinin çözümünə dair BMT-nin egidası altında aparılan danışıqları dəstəkləyir, lakin Rusiyanın təşəbbüsü ilə aparılan Astana prosesini dəstəkləmir.
Bunun ardınca BMT Təhlükəslzik Şurasına 15 üzv ölkənin səfirləri çıxış ediblər.
Boliviyanın BMT-dəki nümayəndəsi Saça Serjio Llorenty Soliz ABŞ və başqa Qərb ölkələrinin adlarını çəkməsə də deyib ki, onlar demokratiyanı yaymaq adı altında çevriliş və hərbi müdaxilələrə əl atırlar.
Səfir bildirib ki, BMT TŞ-nin bugünkü təcili iclasının əsas səbəbi unudulmamalıdır. Bu iclas ona görə çağırılıb ki, BMT TŞ-nin bir üzvü bu qurumun başqa üzvünə hərbi güc işlədəcəyi ilə hədələyib. O sonda deyib ki, Boloviya böhranın həlli üçün gücdən istifadəyə qarşı çıxır.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində hökumətin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq Suriya rejiminə raket zərbələri endirəcəyi ilə hədələmişdi.
Bununla əlaqədar Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ABŞ-ı hərbi gücə əl atmamağa çağırmış və bunun sonu bəlli olmayan nəticələr yaradacağını bildirmişdi.
Bunun ardınca Rusiya aprelin 13-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu iclasın yekunu olaraq qərar qəbul ediləcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?