Pakistanda terror hücumları planlaşdıran qanunsuz ekstremist təşkilatın qaçaq komandiri qonşu Əfqanıstanda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.
Militant qrup və Pakistan təhlükəsizlik mənbələrinin bazar ertəsi bildirdiyinə görə, Ömər Xalid Xorasani kimi tanınan Əbdül Vəli bazar günü axşam saatlarında Əfqanıstanın cənub-şərqindəki Paktika vilayətində maşınla səyahət edərkən əldəqayırma bombanın partlaması nəticəsində ölüb.
Xorasaninin Pakistan Talibanı kimi tanınan Təhrik-i-Taliban Pakistan (TTP) qruplaşması da onun ölümünü təsdiqləyərək liderlərinin “şəhadəti ilə bağlı yaxın vaxtlarda ətraflı açıqlama veriləcəyini” bildirib.
Partlayış Əfqanıstanın Pakistan sərhədinə bitişik ucqar Barmal bölgəsində baş verib və Xorasani ilə birlikdə avtomobildə olan üç də həlak olub.
Heç bir qrup bu ölümcül hücuma görə məsuliyyəti üzərinə götürməyib. Əfqanıstanın Taliban hökuməti bununla bağlı şərh verməyib.
Təhrik-i-Taliban Pakistan (TTP) militantları Pakistan qüvvələrinə qarşı ölümcül hücumlar təşkil edir. Əfqanıstan Talibanının Kabildə hakimiyyətə qayıtmasından sonra zorakılıqlar artıb və son aylar Pakistanda yüzlərlə təhlükəsizlik personeli həlak olub.
Təhrik-i-Taliban Pakistan rəhbərliyi Pakistandakı hərbi əməliyyatlar zonasından qaçaraq 2015-ci ildə müharibədən zərər çəkmiş Əfqanıstana sığınıb. O vaxtdan bəri onlar əsasən silahlı qüvvələri hədəf alan sərhədyanı hücumlar təşkil edir.
Militant qrup təxminən 20 il Kabildə beynəlxalq səviyyədə tanınmış hökümətə və ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələrə qarşı olan Əfqanıstan Talibanının liderlərini sığınacaqla və döyüşçülərlə təmin etməklə tanınırdı.
TTP iyunun əvvəlində keçirilən danışıqlarda “əhəmiyyətli” irəliləyiş olduğunu əsas gətirərək, Pakistan hökuməti ilə qeyri-müəyyən atəşkəs elan edib. Xorasani danışıqlarda iştirak edən qrupa daxil idi.
Sorğu
Yeni dizaynımız necədir?