Kommersant qəzeti turizm agentliyinin rəhbərlərinə istinadən yazır ki, rusiyalılar Avropaya səyahətə qadağa qoyulması çağırışları fonunda Şengen vizaları almağa tələsirlər.
Vizaxod şirkətinin meneceri Marina Şirokova qəzetə bildirib ki, Avropaya səyahətin tezliklə qadağan oluna biləcəyi ilə bağlı narahatlıqlar artdığından son iki həftə ərzində Şengen vizalarına tələbat təxminən 40 faiz artıb.
Şengen vizası bir şəxsə turizm və ya biznes məqsədləri üçün Şengen zonasının üzvü olan 26 Avropa ölkəsindən hər hansı birinə səyahət etməyə imkan verən 90 günlük vizadır. Şengen zonasına daxil olan hər bir ölkə Şengen vizası verə bilər.
Ukrayna prezidenti Volodimir Zelensky avqustun 8-də Avropa İttifaqını Moskvanı 6 aydır davam edən təcavüzünə görə cəzalandırmaq məqsədilə rusiyalı turistlərə qadağa qoymağa çağırıb.
Bundan üç gün sonra Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, onun ölkəsi Kremlin Ukraynaya qarşı davam edən təcavüzü səbəbindən Estoniya tərəfindən verilmiş Şengen vizası olan Rusiya vətəndaşlarının Baltikyanı ölkəyə girişini qadağan edəcək.
Bununla belə, o, vizanın digər üzv ölkələrə giriş üçün hələ də etibarlı olacağını bildirib.
Kremlin Ukraynaya müdaxiləsinə reaksiya fonunda rusiyalılar artıq Avropaya getməkdə çətinlik çəkirlər. Bir sıra ölkələr etiraz əlaməti olaraq rusiyalılara turist vizalarının verilməsini dayandırıb.
Bundan əlavə, Avropa İttifaqı hava məkanını Rusiya üçün bağlayıb.
Bunun nətici olaraq Şengen vizası olan bir çox rusiyalı Avropaya Baltikyanı ölkələr və ya Finlandiyadan uçurdular. Hazırda Estoniya planını həyata keçirməyə başlasa, bu səfərlər çətinləşə bilər.
Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze Kommersant qəzetinə bildirib ki, Avropaya səyahət edən rusiyalıların sayı müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 90 faiz azalıb.
Onun sözlərinə görə, Şengen vizası almaq istəyən rusiyalılar əsasən Fransa, İtaliya, İspaniya və Yunanıstanda kurortlara səfər etməkdə maraqlıdırlar.
Avropanın ən böyük ölkəsi olan Almaniya rusiyalılara viza verilməsinə tamamilə qadağa qoyulmasına qarşı çıxıb. Kansler Olaf Scholz bunun “günahsız insanlara” zərər verəcəyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?