Birləşmiş Millətlər Təşkilatının çərşənbə günü verdiyi məlumata görə, dünyada jurnalistlərin qətlə yetirilməsi hallarının böyük əksəriyyəti cəzasız qalır.
BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-nun məlumatında media ilə bağlı məsələlər öz əksini tapıb. "Jurnalistlərin öldürülməsinə görə cəzasızlıq 86 faizlə qəbuledilməz dərəcədə yüksək olaraq qalır" - deyə, təşkilat bildirib.
UNESCO "jurnalistlərə qarşı törədilmiş cinayətlərin lazımi qaydada araşdırılmasını və onları törədənlərin müəyyən edilərək, cəzalandırılmasını təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsinə" çağırıb.
Təşkilat BMT-nin dəstəklədiyi təşəbbüs olan Jurnalistlərə Qarşı Cinayətlərə Cəzasızlığa Son Beynəlxalq Günü ilə üst-üstə düşən hesabatda jurnalist qətllərinə görə qlobal toxunulmazlıq dərəcəsini "şokedici dərəcədə yüksək" adlandırıb.
UNESCO-nun baş direktoru Odri Azule açıqlamasında deyib ki, "görünməmiş sayda həll olunmamış iş olduğu halda ifadə azadlığı qoruna bilməz".
O, cəzasızlığın "jurnalistlərə qarşı çinayətlərin istintaqlarına mənfi təsir göstərdiyini" deyib.
UNESCO son on ildə cəzasızlıq nisbətinin 9 faiz azaldığını bildirsə də, bunun "zorakılıq spiralı" adlandırdığı cinayətləri dayandırmaq üçün yetərli olmadığını deyib.
2020 və 2021-ci illəri əhatə edən hesabatda işini yerinə yetirdiyi üçün qətlə yetirilən 117 jurnalistdən 91-nin işdən kənarda öldürüldüyü deyilib.
"Bir neçəsi uşaqları da daxil olmaqla, ailə üzvlərinin gözü qarşısında öldürülüb" - deyə, məlumatda bildirilib.
UNESCO milli media qanunlarını və siyasətlərini hazırlamaq və həyata keçirmək üçün üzv dövlətlərlə işlədiyini deyib.
Təşkilat, həmçinin "jurnalistlərin hüquqlarını təmin etmək, onlara qarşı hücumların araşdırılmasını və mühakimə olunmasını təmin etmək üçün hakimlərə, prokurorlara və təhlükəsizlik qüvvələrinə" təlimlər keçib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?