Kaliforniya ABŞ-da ən böyük Ərəb Amerika icmasının evidir. Bu artan iqtisadi və siyasi mövcudluq Cənubi Kaliforniyanın "Kiçik Ərəbistan" məhəlləsində özünü daha çox göstərir.
"Salam, mən Kərim və bura "Kareems’s Restaurant"ıdır, valideynlərim 1996-cı ildə açıblar, mən də həmin il anadan olmuşam və mənə sonradan buranın adını qoyublar. Gedək, baxaq" – deyə, "Kareems’ Falafel"in rəhbəri Kərim Havari bildirir.
Kərim Havarinin valideynləri Anaheym şəhərində ilk ərəb restoranlarından birini açaraq, onların reseptlərini cəmiyyətin müxtəlif zövqlərinə uyğunlaşdırıblar.
"Hər kəsin ərəb yeməklərini təqdim etmək üçün öz yolu var. Anam sifariş alanda deyir: "Haralısan? Suriyadansan? Livandansan? Misirlisən? Sonra ləhcəsini dəyişir, indi Misir ərəbcəsi ilə danışır, növbəti müştəri suriyalıdır, onda isə Suriya ləhcəsində danışır" - deyə, o qeyd edir.
Alladin Xurakinin valideynləri 1983-cü ildə Altayebat mağazasını açıblar.
"Biz buranı ilk açanda heç bir şey yox idi. Mən uşaq olanda heç nə yox idi, indi isə bura "Kiçik Sayqon" və ya "Kiçik Koreya" kimidir - çoxlu restoranlar, mağazalar, geyim mağazaları var, düşünürəm ki, bizim tanınmağımız vacibdir. Bu ərazi "Kiçik Ərəbistan" kimi tanınır.
Anaheym məhəlləsi yerli biznes sahibləri və ərəb-amerikalı icma liderlərinin illər boyu apardığı kampaniyadan sonra bu adı qazanıb.
Yerli sakin Manal Saad deyir ki, daha çox məlumatlılıq fərq yaradır.
"Bəlkə də mən şərf taxdığım üçün və ya xarici görünüşümə görə ərəb kimi tanıdığım üçün indi insanlar "Yaxşı, mən onun haqqında daha çox məlumatım var" deyirlər. Həm də təkcə din haqqında deyil, həm də mədəniyyətlə bağlı, məncə, bu, vacibdir. Çünki insanlar mənə baxanda ancaq dini görürlər, amma mən də istəyirəm ki, "ay din, mənim də valideynlərimin gəldikləri yerdən gətirdikləri mədəniyyətim var" - deyə, Manal bildirir.
Ərəb Amerika İnstitutu Fondu deyir ki, Kaliforniyada təxminən 400,000 ərəb-amerikalı icması ölkənin ən böyük icmasıdır. Lakin icma lideri Rəşad Əl-Dabbaq deyir ki, onların sayı kifayət qeydə alınmır.
"Orenc qraflığında təxminən 90,000-ə yaxın icma üzvü var, lakin dəqiq rəqəmlərimiz yoxdur. Dəqiq rəqəmlərimizin olmamasına səbəb isə siyahıyaalmada bizi Ağ kimi qeydiyyata salmaqdır və bu dəyişməlidir" - deyə, Ərəb Amerika Vətəndaş Şurasının İcraçı Direktoru Rəşad Əl-Dabbaq bildirir.
Əl-Dabbaq deyir ki, daha dəqiq hesablama vətəndaş hüquqlarının pozulmasının izlənməsini və Kiçik Ərəbistanda azlıq icmalarının biznes kreditlərinə çıxışı yaxşılaşdıracaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?