Nyu-Yorkun şərqində "Kiçik Ukrayna" kimi tanınan məhəllənin sakinləri, eləcə də yerli Ukrayna-Amerika icmasının üzvləri müharibənin viran qoyduğu ölkədən ABŞ-a gələn qaçqınlara yardım etmək üçün əllərindən gələni edir.
"Razom" - ukrayna dilində "birlikdə" mənasını verən qeyri-kommersiya hüquq müdafiə təşkilatı Nyu Yorka yeni gələn ukraynalılara ərzaq məhsulları, isti paltar və gigiyena dəstləri ilə yardım etməyə çalışır. Könüllü Marina Xorun: "Biz bu tədbiri müharibə səbəbindən Nyu Yorka qaçan ukraynalılara dəstək olmaq üçün keçiririk. Çoxları bir çamadan və ya bel çantası ilə gəlib. Ona görə də biz onları yerləşdirməyə və bacardığımız qədər yardım etməyə çalışırıq."
Denis və Olha Nyu Yorka oktyabr ayında İvano-Frankivskdən köçüb. Onlar buraya bütün ailə üçün isti paltar götürməyə gəlib, çünki şəhər qış aylarına hazırlaşır. Olha: "İnsanlar çox yardım edir və bu, çox gözəldir. Hamı bizə mehriban münasibət bəsləyir. İnsanların bu qədər dəstək göstərəcəyini gözləmirdik. Biz çox minnətdarıq."
Denis: "Bir az çətin olsa da, biz idarə edirik, alışırıq. Hələlik burada yaşayacağıq, amma müharibə bitəndən sonra evə qayıdacağıq."
"Razom" həmçinin yeni gələnlər üçün hüquqi yardım təşkil edir. Nyu York Xalq Kitabxanasında pulsuz ingilis dili kursları da var. Tamara Sibi: "Hər kəsin müxtəlif əşyalara ehtiyacı var, lakin bu, əsasən də Milad üçün gigiyena və qida məhsulları kimi məhsullar. Çünki bayram mövsümüdür və onlar evlərində hər şeyin olmasını istəyirlər. Paltolar, çünki indi çox soyuqdur."
"Razom" xeyriyyəçiliyi iki cəbhədə edir. Müharibə başlayandan bəri Ukraynaya humanitar yardım göndərir. İndiki problem isə getdikcə daha çox qaçqının ABŞ-a gəlməsi və onlara yardım etmək üçün yollar tapmaqdır. Marina Prixodko: "Biz bu yaxınlarda köçkün ukraynalılara yardım üçün Nyu York şəhərindən qrant alan təşkilatlardan biri olduq. Və bu ianə aksiyası və ianə paylanması bizim cəmiyyətlə əlaqə yaratmaq və yeni gələn ukraynalılara müxtəlif xidmətlər və humanitar yardım təklif etmək üsullarımızdan biridir."
Müharibədən qaçan bir çoxları üçün Nyu York yalnız ilk dayanacaqdır. İş axtarmaq səbəbilə onlar bütün ABŞ-i gəzə bilər. Hələlik isə onların evi Nyu Yorkdur və buradakı xeyriyyə qrupları çətin bir il yaşayan qaçqınlar üçün bayram mövsümünü parlaq bir məkana çevirməyə ümid edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?