ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus daşınmaz əmlak şirkəti vergidən yayınmaqda təqsirli bilinib.
“Trump Organization” adlı şirkət bu cinayətə görə 1,6 milyon dollar məbləğində cərimələnib.
Şirkət ötən ilin dekabrında fırıldaqçılıq və biznes qeydlərini saxtalaşdırmaqda, o cümlədən 17 cinayətdə təqsirli bilinib.
Məhkəmə prosesi Nyu-Yorkda baş tutub və şirkət vergidən yayınma ittihamı ilə maksimum məbləğdə cərimə olunub.
Məsələ ilə bağlı Donald Tramp özü mühakimə olunmayıb. O, keçmiş idarəedicilərin qanunsuz şəkildə vergidən yayındıqlarına dair məlumatının olduğuna dair iddiaları da təkzib edib.
“Trump Organisation”un keçmiş baş maliyyə direktoru Allen Veysselberq 5 ay həbs cəzasına məhkum edilib. O, 1,7 milyon dollar təzminat müqabilində vergidən yayınmaqda günahını etiraf edib.
Nyu-Yorkun Manhetten dairəsinin prokuroru Alvin Braqq bununla bağlı açıqlama verib. “Keçmiş prezident Trampın şirkətlərinə ümumilikdə 17 ağır cinayətdə ittiham irəli sürülüb və bu gün qanunla icazə verilən maksimum cərimələr tətbiq olunub. Baş maliyyə direktoru Allen Veysselberq “Trump Corporation” və “Trump Payroll Corp” şirkətlərində 10 ildən çox müddətdə külli miqdarda dələduzluqla məşğul olub”, - deyə o bildirib.
“Korporasiyalar həbs oluna bilməz, lakin nəticədə ortaya çıxan bu məhkumluq və cəza şirkətlərə və rəhbərlərə xatırladır ki, vergi orqanlarını aldatmaqla özünüzü qurtara bilməzsiniz”, - deyə prokuror qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?