Avropa İttifaqı İrana qarşı insan hüquqları pozuntularına görə əlavə məhdudlaşdırıcı tədbirlər elan edib. Bazar ertəsi Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə baş tutan toplantısında daha 18 İranlı fiziki şəxs və 19 qurum sanksiya siyahısına əlavə edilib. Rəsmi məlumata görə, sanksiyalar Məhsa Əminin ölümündən sonra başlayan qeyri-zorakı etirazlara qarşı geniş və qeyri-mütənasib gücdən istifadə edilməsi ilə əlaqədardır.
İranın Gənclər və İdman Naziri idmançıların İrandakı repressiyalarla bağlı danışmasına mane olması, danışanların susdurulmasında və təqib edilməsinə görə məsuliyyət daşıdığı üçün sanksiyaya məruz qalıb. Bundan əlavə, siyahıya alınan şəxslər arasında İranın Parlament və hökumət nümayəndələri, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri yer alır.
Sanksiya paketi həmçinin, ifadə azadlığının məhdudlaşdırırılması, boğulması və digər cəzalandırıcı fəaliyyətlərlə məşğul olan dövlət qurumlarını və özəl şirkətləri hədəf alır.
“Nazirlər etirazçılara qarşı amansız repressiyaları, xüsusən də edamları pisləyiblər. Biz iranlıların öz fundamental insan hüquqlarını müdafiə etmək haqqını dəstəkləməyə davam edəcəyik,” İttifaqın baş diplomatı Cozep Borrell toplantıdan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Bununla, Avropa İttifaqı İrandakı son hadisələrlə bağlı artıq 164 fiziki şəxs və 31 qurumu sanksiya siyahısına salıb. Sanksiya edilənlərin aktivləri dondurulur, onlara vəsait və ya iqtisadi resursların verilməsi, habelə, Avropa İttifaqına girişi qadağan edilir.
Yekun bəyanatda Avropa İttifaqı İran hakimiyyətini dinc nümayişlərə qarşı zorakı repressiyaları dayandırmağa, tənqidi səsləri susdurmaq üçün əsassız həbslərə son qoymağa və qanunsuz həbs olunanların hamısını azad etməyə çağırıb. Avropalı nazirlər həmçinin, İranı etirazçılara qarşı ölüm hökmlərinin tətbiqini və icrasını dərhal dayandırmağa, elan edilmiş ölüm hökmlərini ləğv etməyə çağırıb.
Avropa Parlamenti ötən həftə qəbul etdiyi qətnamədə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqının və üzv ölkələrin terror təşkilatları siyahısına salınmasına çağırmışdı. Qətnamədə İranın Ali dini rəhbəri Əli Xamneyi, prezident İbrahim Rəisi, baş prokuror Məhəmməd Cəfər Montazer də daxil olmaqla, dinc etirazlara sərt müdaxilədə və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan hər kəsin ailə üzvləri ilə birgə sanksiya siyahısına əlavə edilməsi vurğulanırdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının sanksiya qərarını qınayıb. “Sanksiyalar onların İranda qeyri-sabitliyi qızışdırma cəhdlərinin alınmamasına görə məyusluğunun və qəzəbinin nümayişidir. Onlar yaxşı bilirlər ki, sanksiyalar İran xalqının xarici müdaxilə və planlara qarşı mübarizədə iradə və qətiyyətini sarsıtmayacaq,” o əlavə edib.
İranda 4 aydır davam edən ümummilli etirazlar İranın əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb. İran hökuməti etirazların arxasında Qərb dövlətlərinin dayandığını deyir. Bugünədək etirazlarda 500-dən çox insan həyatını itirib, 20 minə yaxın insan həbs edilib. İran həbs edilən etirazçıların bəzilərini ölümə məhkum edib, indiyədək ən az 4 nəfər edam edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?