Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
GundemXeber.Az-ın məlumatına görə bu haqda Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə BBC News-a deyib ki, “hazırlıq işləri görülür və nəzərdə tutulub ki, sabah azərbaycanlı tələbələrin cənazələri ölkəyə gətirilsin”.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən iki ardıcıl zəlzələdən sonra Malatyada ali təhsil alan dörd azərbaycanlı tələbə - Şahin Vəliyev, Hümam İsmayıllı, Samir Quliyev və Gündüz Nəzərzadə itkin idi.
XİN ötən gün Şahin Vəliyevin meyitinin tapılması barədə məlumat yayıb, bu gün isə daha üç tələbə barədə məlumat verilib. Bundan başqa zəlzələdə azərbaycanlı 73 yaşlı Lida Qocayevanın da həlak olduğu bildirilib. Bununla Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.
Ötən gün XİN elan edib ki, fevralın 6-dan bəri 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir, qurum açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?