Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımova barədə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə məlumatı açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
Onun sözlərinə görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılaraq araşdırma aparılırdı. Bir neçə ay sonra qalmaqallı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildikləri bildirilmişdi.
Bu açıqlamanı isə sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi. Amma sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.
Sığınacaq sahibi Könül Qasımova, əvvəl olduğu kimi, indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün Azərbaycandakı və ölkə xaricindəki xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.
Onu da bildirək ki, “Sevgi evi” sığınacağında “Totu” ləqəbli sağlam uşağın iki il ərzində döyülərək acınacaqlı hala düşməsi, hətta ölümə tərk edildiyi iddia olunurdu.
İddialarla razılaşmayan Könül Qasımova ona böhtan atıldığını, ittihamla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdi.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası iki il, ağırlaşdırıcı hallarda iki ildən beş ilədək nəzərdə tutulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?