"Yeni xarici siyasət konsepsiyasının gündəmə gətirilməsi onu göstərir ki, köhnə doktrina artıq Kremli təmin etmir, yaxud da həyata keçməsi üçün şərait yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya prezidenti Vladimir Putinin imzaladığı Rusiyanın yeni xarici siyasət konsepsiyası haqqında fərmanı şərh edərkən deyib.
Sabiq nazir bildirib ki, praktiki siyasət heç də tam şəkildə konsepsiyada nəzərdə tutulan məqamlardan ibarət olmayacaq, bəzi hallarda orda əks olunan məqamlar heç də tam şəkildə icra olunmayacaq:
Bu sənədi peşəkarcasına təhlil etmək üçün ilk növbədə hansı istiqamətdə hansı dəyişikliklərin baş verdiyi ətrafında müqayisəli təhlil aparılmalıdır. Onu da başa düşməliyik ki, praktiki siyasət heç də tam şəkildə konsepsiyada nəzərdə tutulan məqamlardan ibarət olmayacaq. Bəzi hallarda konsepsiyada əks olunan məqamlar heç də tam şəkildə icra olunmayacaq. Müxtəlif məsələlərlə bəzi məqamlar konsepsiyada əksini tapmaya, ya da məxfi saxlanıla bilər. Sənəd deklorativ sənəddir və təbliğat xarakteri daşıyır. Yeni xarici siyasət konsepsiyası hər halda Rusiyanın indiki durumunun böhranlı olduğunun göstəricisidir”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı yeni xarici siyasət konsepsiyası haqqında fərman imzalayıb. Yeni konsepsiyada Rusiyanın xarici siyasətini prezident Vladimir Putinin müəyyən edəcəyi, Rusiyanın Avrasiya və Sakit okean regionunda təsirli bir ölkə olduğu, dünyada tarazlığın qorunmasında fəal rol oynadığı, Rusiya ordusuna qarşı hücumlara cavab verəcəyi, bioloji və kimyəvi silah hücumları ilə bağlı iddiaları araşdırmağa davam edəcəyi, Avropa və NATO-dan gələn təhdidləri və mümkün hücumları aradan qaldıracağı, müttəfiqləri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyi, həmçinin rus mədəniyyəti və rus dili kimi mənəvi dəyərləri qorumağa davam edəcəyini özündə əks etdirən bəndlər yer alıb.
Yeni xarici siyasət konsepsiyasında Qərblə münasibətlərə gəlincə, "Rusiya özünü Qərbin düşməni kimi görmür və özünü təcrid etmir” deyə bir maddə əlavə olunub. Bundan əlavə, qeyd olunub ki, Rusiyanın prioriteti ABŞ-ın öz iqtisadi mövqeyindən qərəzli istifadə etməsinin qarşısını almaq və başqa ölkəyə qarşı müstəmləkəçilik məqsədlərindən əl çəkməsini təmin etməkdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?