"Ukrayna NATO-ya üzvlüklə bağlı fəaliyyət planını Alyansın 2008-ci ildə Buxarestdə keçirilən sammiti zamanı almalı idi".
Gundemxeber.az xəbər verir ki, bunu 2005-2009-cu illərdə ABŞ-ın dövlət katibi olmuş Kondoliza Rays 15-ci Kiyev təhlükəsizlik forumunun iştirakçılarına müraciətində deyib.
"O sammit Ukrayna və Gürcüstana üzvlük fəaliyyət planı verə, onlara NATO üzvlüyünə yol aça bilərdi. Həmin gün biz qərara gəldik ki, bunu edə bilməyəcəyik. Baxmayaraq ki, ABŞ və prezident Corc Buş Ukraynaya üzvlük fəaliyyət planının verilməsinin vaxtının yetişdiyinə əmin idilər”, deyə keçmiş dövlət katibi bildirib.
Eyni zamanda, o, vurğulayıb ki, "həmin gün biz həm də çox vacib bəyanat verdik: bir gün Ukrayna NATO-ya üzv olacaq" və hələ də buna əmin olduğunu söyləyib
Kondoliza Rays Vladimir Putinin Ukraynanı "uydurma ölkə” adlandırdığı "həmin günün iyrənc məqamını” xatırladıb.
"O, Ukraynanın real olmadığını söylədi. İndi o, Ukrayna ordusunun inanılmaz bacarığı və Ukrayna xalqının inanılmaz sədaqəti sayəsində artıq başa düşür ki, Ukrayna çox realdır, hər bir ukraynalının qəlbində alovlanan güclü milli ideya var”, deyə Rays bildirib.
Rays əlavə edib ki, Ukraynanın gələcəyi bir çox cəhətdən Avropanın gələcəyidir: "Və buna görə də ərazi bütövlüyünün bərpası, hərbi cinayətkarların cəzalandırılması və Ukraynanın bərpası bizim və bütün dünyanın azad xalqlarının köməyi ilə baş verəcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?