Bu dəqiqələrdə Ukrayna Nazirlər Kabinetinin üzvləri öz iş yerlərindədir, lakin baş nazir Nikolay Azarov yoxdur. Məlumatı hökumətdəki mənbə verib. “Hamı öz yerindədir. Nazirlərlə müxalifətin aqressiv hərəkətlərinin davam etməsi halında hakimiyyətin işində risklərin minimallaşdırılmasına dair müşavirə keçirilməlidir. Hakimiyyət orqanlarının işinin iflic olunması ehtimalına qarşı plan cızılmalıdır. Lakin baş nazir Nikolay Azarov Nazirlər Kabinetinin binasında yoxdur və bu fakt əsəbilik yaradır” deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, baş nazirin harada olduğu dəqiq bilinmir, onun telefonuna da zəng çatmır. “Hamı onu müşavirədə gözləyir. Baş nazirin müavinləri Azarovla telefon əlaqəsi yaratmağa cəhd edib, ancaq bütün cəhdlər nəticəsiz qalıb” deyə mənbə əlavə edib.
Digər məlumata görə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Kiyevə gedib. Məlumatı gürcü qaynaqlar yayıb. Çox güman ki, Saakaşvili Ukrayna müxalifət liderləri ilə özünün inqilab təcrübəsini bölüşəcək. Lakin Saakaşvilinin Kiyevdəki planları dəqiq məlum deyil.
* * * (11:49)
Onun partiyasından daha bir deputat istefa verdi; müxalifət tərəfdarları Kiyevdə bütün dövlət binalarını blokadaya alıb; Misir variantı müzakirə olunur
Ukraynada proseslər dramatik xarakter alır. Bu gün səhər saatlarından etibarən müxalifət tərəfdarları Kiyevdə əsas dövlət binalarını blokadaya almağa başlayıb.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, gecəni Müstəqillik meydanında keçirən on minlərlə nümayişçi Ukrayna hakimiyyətinin siyasətinə etiraz olaraq hökumət binasını, Mərkəzi Bankı və Prezident Administrasiyasının binasını əhatəyə almağa başlayıb.
Müxalifət Kiyevdəki bütün inzibati binaların, o cümlədən Ali Radanın blokadaya alınacağını elan edib.
Müxalifət liderləi hələlik hakimiyyətə tələblərini formalaşdıra bilməyiblər. Bəziləri prezident başda olmaqla bütün hakimiyyətin istefa verməsini, o cümlədən Ali Radanın buraxılmasını tələb edi. Bəziləri isə istefa tələblərini Nazirlər Kabineti ilə məhdudlaşdırır. Müxalifət liderləri səhər saatlarında toplanaraq hakimiyyətə qarşı hansı tələblərdən çıxış etmək barədə müzakirələr aparırlar.
Dekabrın 1-də baş verən qarşıdurmalarda 112 mitinqçi, 28 jurnalist və 120 polisin xəsarət aldığı bildirilir. Əgər nümayişçilər əvvəlcə Yanukoviç hökumətinin Avropaya inteqrasiya prosesini dayandırmasına etiraz edirdisə noyabrın 30-da səhərə yaxın “Berkut” xüsusi təyinatlılarının Müstəqillik meydanında mitinqçilərə qarşı kobud güc tətbiqi hakimiyyətin acınacaqlı səhvi oldu.
Nümayişçilər bildirir ki, 20 ildə ilk dəfədir hakimiyyət vətəndaşları bu cür döydürürdü və indi bunun hesabını vermək lazımdır. Hazırda etirazçıların ümumi əhval-ruhiyyəsini bu cür formalaşdırmaq olar: müstəqilliyin əldə edilməsindən bu yana hakimiyyət bizim uşaqlarımızı ilk dəfədir bu cür döyür.
***
Bu arada Avropa İttifaqı da Yanukoviç hakimiyyətinə təzyiqləri artırır. Brüsseldəki mənbə bildirib ki, noyabrın 30-da Müstəqillik meydanında nümayişçilərə qarşı güc tətbiq edənlərə qarşı sanksiyalar tətbiq oluna bilər.
“Avropa İttifaqı neytral mövqe tutur. Lakin güc tətbiqinə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır” - deyə diplomat bildirib.
*** Digər xəbərə görə, hakim Regionlar Partiyasından daha bir deputat - Vladimir Melniçenko istefa verib. Bundan əvvəl Regionlar Partiyasını üç deputat tərk etmişdi. Xəbərlərə görə, bu gün hakim partiyadan azı 20 deputat istefa verməyə hazırlaşır. Onlar hökumətin siyasətinə etiraz edirlər.
Bu istefalar reallaşsa, Regionlar Partiyası parlamentdə azlıqda qalacaq və hökumətin istefası qaçılmaz olacaq.
İstefalar hökumətdə də başlaya bilər. Prosesləin bu istiqamətə yönəlməsi Misir variantını gündəmə gətirib. Hansı ki, etirazlar başlayanda Hüsnü Mübarəkin komandasından dalbadal istefalar başladı və nəticədə rejimin çökməsi qaçılmaz oldu.
Digər variant isə ölkədə fövqəladə vəziyyətin elan edilməsi, nümayişlərin dağıdılması və kütləvi həbslər ola bilərdi. Xəbərlərə görə, Yanukoviç bu variantı müzakiə edir. Bu gün səhər ordunun fövqəladə vəzyyət rejiminin tətbiqi üçün Kiyevə yeridiləcəyi, artıq tankların paytaxta doğru istiqamət aldığı haqda xəbərlər yayılsa da Müdafiə Nazirliyi bu xəbərləri qəti təkzib edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?