"Növbəti dəfə Rusiya cəhd edir ki, prosesi öz nəzarətində olan 10 noyabr sənədinə qaytarsın”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinə toxunarkən, ölkəsinin sərhəd xətlərinin keçdiyi yerləri müəyyənləşdirməyə hazır olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"Bu sənəd artıq işləmir. Ermənistan sənədin əksər müddəalarını yerinə yetirməkdən imtina edir. Rusiya da prosesdən müəyyən mənada uzaqlaşdırılıb. Moskva nisbətən kommunikasiyaların açılması məsələsində fəallıq göstərir ki, burada isə hələlik məsələ tam həll olunmayıb. Bir çox suallar açıq qalır. Zəngəzur yoluna nəzarət məsələsi hələ də həll olunmayıb. Baxmayaraq ki, İrəvan ərazinin onun yuridiksiyasında olması səbəbindən bütün təhlükəsizlik mexanizmlərinin də Ermənistanda olmasını istəyir. Ancaq Rusiya buna qarşıdır. Rusiyanın XİN səviyyəsində sərhəd məsələsinin növbəti dəfə qaldırılması fikrimcə, yenidən prosesi Rusiyanın nəzarətinə qaytarmaq istəyilə bağlıdır”, deyə Natiq Miri vurğulayıb
Ancaq həmsöhbətimizə görə, bu Rusiyanın qərar verə biləcəyi və həll edəcəyi məsələ deyil:
"Çünki sərhədlərin demarkasiya xətlərinin müəyyənləşməsi üçün konkret əsaslar olmalıdır. Bu əsaslar isə hələlik razılaşdırılmayıb. Ermənstanla Rusiya sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci il xəritəsi əsasənda aparılmasına çalışır. Ancaq Bakı haqlı olaraq buna razı deyil. Sərhəd anlayışı olmadan sərhədlərin müəyyənləşməsindən söhbət gedirsə, yuxarıda qeyd edilən məsələlər həll olunmalıdır. Moskva çox şey istəyə bilər. Əsas Azərbaycan nə istədiyidir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə iyunun 15-də Laçın yolundakı insidentin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya olmamasının ümumu problemləri ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, əsaslı şəkildə işə başlamasına çağırıb:
"Biz sərhəd xətlərinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırıq, o cümlədən həmin məntəqədə də”.
Sorğu
Yeni dizaynımız necədir?