İsrail ordusu planlaşdırılmış quru əməliyyatı öncəsi fələstinliləri Qəzza zolağında şərqi Rəfahı boşaltmağa çağırır.
Gundemxeber.az xəbər verir ki, bu barədə "The Times of Israel” qəzeti yazır.
Məlumata görə, İsrail hərbçiləri mülki şəxsləri Əl-Məvasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçməyə dəvət edir.
İsrail ordusu şərqi Rəfahda vərəqələr atmağa başlayıb. Hərbçilər həmçinin sakinlərə zəng edir və onlara humanitar zonaya necə çatmaq barədə göstərişlər olan SMS göndərirlər. İndiyə qədər təxliyə əmri Qəzzanın cənubundakı bütün şəhərə deyil, yalnız Rəfahın bəzi şərq rayonlarına şamil edilir.
İsrail ordusunun bəyanatında deyilir ki, "İsrail ordusu HƏMAS-ın nəzarəti altında olan əhalini Rəfahın şərq məhəllələrindən müvəqqəti olaraq genişləndirilmiş humanitar zonaya köçməyə çağırır”.
Əl-Məvasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçkün fələstinlilər üçün səhra xəstəxanaları və çadır düşərgələri daxildir. Qəzet yazır ki, İsrail Müdafiə Nazirliyi son vaxtlar Qəzzada humanitar yardımın artdığını bildirir.
Rəfah Qəzza zolağının cənubunda yerləşir və sığınacaq axtaran fələstinlilərin şəhərə axışması nəticəsində son altı ayda əhalisi 1,5 milyon nəfərə çatıb. Rəfah Misirlə sərhəddə yerləşir və BMT-nin məlumatına görə, Qəzza zolağına humanitar yardım üçün mühüm giriş nöqtəsidir.
İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətin tənqidlərinə baxmayaraq, Rəfah şəhərində əməliyyat keçirmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Aprelin 30-da o, girovların azad edilməsi üçün HƏMAS ilə danışıqların nəticəsindən asılı olmayaraq, İsrail hərbi qüvvələrinin Rəfahda əməliyyat keçirəcəyini açıqlayıb.
İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlar bir neçə aydır ki, davam edir. İsrail rəhbərliyi müharibə qurbanlarının sayını 1,4 min, Qəzza Səhiyyə Nazirliyi isə 34 mindən çox olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?