Gürcü əsilli qazaxıstanlı sahibkar və investor Mixail Lomtadze İngiltərənin "Uonderers" klubunun əksər səhmlərini satın alıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin məlumatına görə, Lomtadzenin şirkəti "Blue Ocean Partners Ltd" hazırda İngiltərənin üçüncü divizionunda 10-cu yerdə qərarlaşan klubun səhmlərinin 90%-ni alıb. 2021/22 mövsümündə komanda Çempionşipdə oynayıb. 2000/01 mövsümündə "Uonderers" Federasiya Kubokunda yarımfinalçı olub. Onun aldığı klub 2020-ci ilin fevralından amerikalı iş adamı Rob Kuhiqə məxsus idi.
"Məqsədimiz həm meydançada, həm də ondan kənarda uzunmüddətli uğur əldə etməkdir, eyni zamanda maliyyə cəhətdən dayanıqlı klub qurmaqdırFutbol dünyası çox sürətlə inkişaf edir və bizim prioritetimiz klubun performansını yeni səviyyələrə qaldırmaq üçün məlumat analitikasını və texnologiyanı inteqrasiya etmək olacaq. Mən həmçinin gənclərin inkişafına inanıram və bu, klubun vizyonu üçün əsas olacaq. Biz klubu inkişaf etdirməklə bağlı uzunmüddətli strategiyamızın vacib hissəsi olacaq aparıcı yüksək performanslı akademiyanı yenidən açmaq və qurmaq məqsədi daşıyırıq", deyə texnologiya sahəsində fəaliyyət göstətən Lomtadze bildirib.
Qazaxıstanlı biznesmenin sərvətini "Forbes" 5,7 milyard dollar qiymətləndirir. Sövdələşmənin məbləği açıqlanmır.
Qeyd edək ki, Mixail Lomtadze 17 oktyabr 1975-ci ildə Batumidə anadan olub. 1997-ci ildə Avropa Menecment Məktəbində (Tiflis) bakalavr dərəcəsi və 2002-ci ildə Harvard Biznes Məktəbində magistr dərəcəsi alıb. Lomtadze özünün ilk şirkəti olan "Georgia Consulting Group Audit"i çox erkən, 1995-ci ildə, hələ Tiflisdə tələbə olarkən yaradıb. Şirkət audit və konsaltinq xidmətləri göstərib. 2002-ci ildə Lomtadze şirkəti uğurla "Ernst & Young"a satıb.
Bundan sonra o, karyerasına Rusiyanın ən böyük özəl kapital fondu olan "Baring Vostok Capital Partners"də əvvəlcə layihə meneceri, sonra isə tərəfdaş kimi başlayıb. "Europlan", "Maliyyə Texnologiyaları Mərkəzi" kimi şirkətlərə investisiyaları idarə edib. 2003-2005-ci illərdə Rusiya Vençur İnvestisiya Assosiasiyasına rəhbərlik edib 2003-2006-cı illərdə Rusiyanın "Europlan" lizinq şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışıb. "Rolf" şirkətlər qrupunun lizinq bölməsi olan "Kelvin"i almaq üçün 20 milyon dollarlıq müqavilə bağlayıb. O, hazırda Qazaxıstan vətəndaşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?