Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi üçün zəruri ilkin şərt kimi qiymətləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, qalan fikir ayrılıqları tezliklə öz həllini tapacaq və Azərbaycan-Ermənistan münasibətlərinin ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında normallaşmasının digər sahələrində də uğurlu irəliləyişlərə nail olunacaq. Cənubi Qafqazın taleyi və gələcəyini yalnız region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir. Kənardan heç kim bizim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək”, - Zaxarova bildirib.
O, həmçinin Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etdiyinə görə Qazaxıstana minnətdarlığını bildirib.
“Biz bu il mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məhsuldar görüşünün təşəbbüskarı və təşkilatçısı olan qazaxıstanlı tərəfdaşlarımızın səylərini alqışlayırıq. İki müttəfiqimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişafın arxitekturasının qurulmasında əvəzsiz ilkin şərt hesab edirik”, - Zaxarova əlavə edib.
XİN rəsmisi qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında “tərəflərin üstünlük verdiyi ikitərəfli formatda” danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?