Oktyabrın 6-da Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısında Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun işinin başa çatması ilə bağlı aksiya keçirilib.
Fəallar səfirliyin üzərinə “Əlvida, cənab səfir” yazısı olan işıq qurğusu, habelə Rusiyanın işğalı nəticəsində həlak olan Ukrayna vətəndaşlarının qanını simvolizə edən qırmızı zolaqlar yerləşdirib. Amerikanın Səsi ilə danışan etiraz təşkilatçısı Benjamin Vittesin dediyinə görə, onun vəzifəsindən gedən Antonova, eləcə də səfirlikdə qalan diplomatlara çağırışı “Rusiya rejimi üçün işləməyi dayandırıb, bunun əvəzinə Rusiya, Ukrayna və bütün dünya üçün yaxşı işlər görməkdir".
Rusiya mətbuatının məlumatına görə, Antonovun uçduğu təyyarə artıq Moskvaya enib. O, 2017-ci ildən ABŞ-dakı diplomatik missiyaya rəhbərlik edib, onun fəaliyyəti dövründə yüzdən çox rusiyalı diplomat ölkədən çıxarılıb. 2017-ci ildə ABŞ hakimiyyəti Rusiyanın San-Fransiskodakı, 2018-ci ildə isə Sietldəki konsulluğunu bağlayıb. Bundan başqa, Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzləri bağlanıb, Kremlə bağlı bəzi həmvətən təşkilatların da fəaliyyəti dayandırılıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamasından sonra Anatoli Antonov müharibəyə fəal şəkildə haqq qazandırdı, ABŞ-ı münaqişəni qızışdırmaqda ittiham edir, Moskva ilə Vaşinqton arasında nüvə müharibəsi ehtimalına eyham vururdu. Əvvəllər Anatoli Antonov Rusiya Müdafiə Nazirliyində yüksək vəzifə tutub və bu səbəbdən Ukrayna Krımının ilhaqından sonra o, Aİ, Kanada və Ukraynanın sanksiya siyahısına salınıb. Amerikanın Səsinin Polygraph.info layihəsi mayda Antonovu Rusiya kəşfiyyat xidmətlərinə haqq qazandırmaq üçün kiberhücumların statistikasını manipulyasiya edərkən yaxalamışdı. Antonovun Rusiyada nə edəcəyi və Rusiyanın ABŞ-dakı yeni səfirinin kim olacağı hələlik məlum deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?