Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistanda azərbaycanlıların bələdiyyəsi, məktəbi, parlament fraksiyası olacaq" adlı süjetdə Prezident İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki mesajlarının Ermənistanda gündəmi zəbt etməsindən bəhs olunub. Bildirilib ki, Prezidentin çıxışında Qərbi Azərbaycana qayıdışla bağlı mühüm məqamlar və "yol xəritəsi" var: "Bu mesajların məhz orada - Göyçənin Ağkilsə kəndindən olan, Qərbi Azərbaycandan ilk deportasiyanın qurbanı olmuş, 97 yaşında yurdundan didərgin düşsə də, bütün təhlükələrə rəğmən, 100 yaşında yenidən evinə qayıdan el sənətkarının abidəsi önündə verilməsi əslində xalqımızın Aşıq Ələsgərin yolundan gedəcəyinin də rəmzi mənası idi. Dövlət başçısı məhz bunu izah etdi və dedi ki, bütün çətinliklərə və təhlükələrə rəğmən, Qərbi Azərbaycana - Göyçəyə, Zəngəzura, İrəvana qayıdacağıq". Qeyd olunub ki, deportasiyadan sonra qayıdışın reallaşması üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıdacaqlarına əminlik yaradır: "Qarabağa və Şərqi Zəngəzura qayıdışın baş verdiyi tarixi günlərin şahidiyik. Bu, eyni prosesin tezliklə Qərbi Azərbaycanda da baş verəcəyi inamını gücləndirir. Prezident də bəyan etdi ki, "Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir".
Süjetdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dedikləri Ermənistanda gündəmi zəbt edib. Qafqaz üzrə erməni ekspert Karen İgitay hesab edir ki, azərbaycanlılar Ermənistana (Qərbi Azərbaycana) adi vətəndaş kimi yox, xüsusi statusa malik olan insanlar kimi gələcəklər.
Erməni jurnalist Sevak Akopyanın "Yerevantoday" saytında yayımlanan videosujetində isə qeyd olunur ki, azərbaycanlıların Ermənistana qayıtması mümkün ssenarilərdəndir: "Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi. Görünür, Ermənistan-Azərbaycan danışıqlarının gündəliyində bu məsələ də var. Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət azərbaycanlıların qayıdışına zəmin yaradacaq. "Biz Qərbi Azərbaycana qayıdacağıq. Öz məktəbimiz, öz icmamız olacaq. Seçmək və seçilmək hüququmuz təmin ediləcək. Bələdiyyəmiz, Ermənistanda parlamentində fraksiyamız olacaq. Bu, beynəlxalq hüququn tələbidir və Ermənistan bunu icra etmək məcburiyyətindədir. Əks təqdirdə, tarixi torpaqlarımızda Qərbi Azərbaycan Respublikasının yaradılması əsas alternativlərdən biridir", deyə sonda vurğulanıb. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. Ətraflı Baku TV-nin süjetində:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?