Britaniya Muzeyi Yunanıstana kolleksiyasında saxlanılan qədim Parfenon məbədinin sənət əsərlərini birgə nümayiş etdirməyi təklif edib.
Bu barədə Britaniya Muzeyinin nümayəndəsinin "ERT News" telekanalına verdiyi bəyanatda deyilir.
"Yunanıstanla Parfenon heykəlləri ilə bağlı tərəfdaşlıq müzakirələri davam edir və konstruktivdir. Hesab edirik ki, bu cür uzunmüddətli tərəfdaşlıq ən böyük obyektlərimizin dünya ictimaiyyətinə birgə nümayişi və muzeydə saxladığımız inanılmaz kolleksiyanın bütövlüyünün qorunması arasında düzgün balans tapmağa imkan verəcək", - deyə nümayəndə bildirib.
Telekanal qeyd edib ki, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Böyük Britaniyanın Baş naziri Kir Starmerin dekabrın 3-də Londonda keçirilən görüşü ilə bağlı Dauninq-stritin rəsmi məlumatında Parfenon heykəlləri barədə heç nə deyilmir. Starmerin nümayəndəsi öz bəyanatında bildirib ki, London "1963-cü il qanununu dəyişdirmək niyyətində deyil". Bu qanun qədim əşyaların Britaniya Muzeyindən mənşə ölkələrinə qaytarılmasına onların nüsxə olduğu, zədələndiyi və ya kolleksiya üçün uyğun olmadığı hallar istisna olmaqla, icazə vermir. Yunanıstan baş nazirinin mətbuat xidmətinin bu görüşün nəticələri ilə bağlı məlumatında da hökumət başçılarının Parfenon heykəlləri mövzusunu müzakirə etməsi barədə heç nə deyilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?