ABŞ prezidenti Donald Tramp ingilis dilinin Birləşmiş Ştatların rəsmi dili elan edilən fərman imzalayıb və bunun ölkədə “vahid və harmonik cəmiyyətin” təmin olunmasına kömək edəcəyini bildirib.
ABŞ-ın təxminən 30 ştatının ingilis dilini rəsmi dil olaraq qəbul etməsinə baxmayaraq, bu, ilk dəfədir ki, Birləşmiş Ştatlarda milli səviyyədə rəsmi dil müəyyən edilir.
Tramp martın 1-də verdiyi sərəncamda bildirib ki, “Respublikamız yaranandan bəri milli dilimiz kimi ingilis dilindən istifadə olunur”.
“Ölkəmizin bütün tarixi sənədləri, o cümlədən Müstəqillik Bəyannaməsi və Konstitusiya ingilis dilində yazılmışdır. Buna görə də ingilis dilinin ABŞ-ın rəsmi dili elan edilməsinin vaxtı çatıb”, sərəncamda deyilir.
“Milli səviyyədə müəyyən olunmuş dil vahid və harmonik cəmiyyətin mərkəzində dayanır və Birləşmiş Ştatlar bir ümumi dildə fikirlərini sərbəst paylaşa bilən vətəndaşlar tərəfindən gücləndirilir” – deyə, qeyd edilir.Bəzi fəallar bu addımın immiqrasiya, səsvermə prosedurları və yardıma çıxış məsələlərində ingilis dili bilməyənlərə necə təsir edəcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu addımla keçmiş prezident Bill Klintonun dövlət qurumları və federal hökumətdən maliyyə alan təşkilatların ingilis dilini bilməyənlərə dil yardımı göstərməsini tələb etdiyi mandatı ləğv edilir.
Bununla həmin qurumlara və təşkilatlara başqa dillərdə sənədlər və xidmətlər təklif etməkdə davam edib-etməmək barədə qərar qəbul etməyə imkan veriləcək.
Sərəncamda deyilir ki, “agentlik rəhbərlərindən ingilis dilindən başqa digər dillərdə hazırlanmış və ya təklif olunan sənədlərin, məhsulların və ya digər xidmətlərin dəyişdirilməsi, çıxarılması və ya başqa şəkildə dayandırılması tələb olunmur”.
ABŞ hökumətinin veb saytında məlumata görə, Birləşmiş Ştatlarda insanlar 350-dən çox dildə ünsiyyət qururlar. ABŞ-ın Siyahıyaalma Bürosu ingilis dilindən başqa ən çox danışılan dillərin bəzilərinin ispan, çin, taqaloq, vyetnam və ərəb dilləri olduğunu bildirib.
Həmçinin Navaho, Yupik, Dakota, Apaçe, Keres və Çeroke daxil olmaqla, Şimali Amerikanın yerli dillərində də danışılır.
“İngiliscə danışmaq təkcə iqtisadi cəhətdən qapıları açmır, həm də yeni gələnlərə icmalarla qarşılıqlı əlaqə qurmağa, ölkənin adətlərində iştirak etməyə və cəmiyyətimizə töhfə verməyə kömək edir”, Tramp deyib.
“Bu sərəncam müxtəlif dillərdə danışan Amerika vətəndaşlarının ingilis dilini öyrənməsi və bunu nəsillər boyu övladlarına ötürməsi kimi uzun ənənəni tanıyır və təntənə edir”, sərəncamda deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?