Gundemxeber.Az xəbər verir ki, bu barədə "Reuters" Vatikana istinadən məlumat verib.
"Əziz qardaşlar və bacılar, böyük kədər hissi ilə müqəddəs atamız Fransiskin vəfatını elan etməliyəm. Roma yepiskopu Fransisk bu gün saat 07:35-də canını tapşırıb. Onun bütün həyatı Tanrıya və onun kilsəsinə xidmətə həsr olunub", - kardinal Farrell bildirib.
Əsl adı Xorxe Mario Berqolyo olan pontifik 2013-cü ilin martında səhhətində yaranan problemlərə görə taxtdan imtina etməyə qərar verən XVI Benediktin yerinə Müqəddəs Pyotr taxtına seçilib.
Papa Fransisk tarixin ən mütərəqqi və islahatçı pontifiklərindən biri kimi yadda qalacaq. O, dinlər arasında dialoqu, ətraf mühitin mühafizəsini, yoxsullara və imkansızlara yardımı fəal şəkildə müdafiə edirdi. Fransisk papalıq tarixində ilk qeyri-avropalı və ilk yezuit olub.
Xatırladaq ki, son aylar Papanın səhhəti ciddi şəkildə pisləşib. Fevralın ortalarında o, bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib, sonradan onda pnevmoniya inkişaf edib. Roma Papası bir neçə dəfə süni nəfəs aparatına qoşulub. O, 38 gün xəstəxanada qaldıqdan sonra martın 23-də Vatikana qayıdı
Ölümündən cəmi bir gün əvvəl, aprelin 20-də Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi Pasxa nitqi ilə sonuncu dəfə dindarlara müraciət edib. Pontifik Qəzza zolağı və Ukraynadakı vəziyyəti əsas gətirərək münaqişə zonalarında sülhə çağırıb. Bu sözlər bütün həyatını Tanrıya və insanlara xidmətə həsr etmiş insanın bir növ mənəvi vəsiyyəti olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?