«Dedovşina» halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb
gundemxeber.az Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlı redaksiyamıza dəhşətli faktlar daxil olub. Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, DSX-da əsgərlər arasında «dedovşina» halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb. Məlumat üçün xatırladaq ki, 10 gün öncə DSX-nın hərbi hissələrindən birində əsgər bıçaqlanmışdı. Bu barədə əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları kifayət qədər mətbuata məlumat verib. Həmçinin məlumatlarda bildirilirdi ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş. Ölümündən bir neçə gün öncə komandiri tərəfindən döyülən əsgər dekabrın 8-də hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi Mingəçevir şəhərinə gətirilərkən baş verən hadisədən şoka düsən əsəgərin yaxınları meyidi gətirən hərbçilərə hücum edib. Nəticədə Dövlət Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib. DSX-nın Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1993 təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən xidmətə aparılan Hacılı Orxan Asif oğlu da döş qəfəsindən bıçaqlanıb. Əsgərin hərbçi yoldaşları tərəfindən bıçaqlandığı bildirilir. Məlumatda o da qeyd olunur ki, DSX əsgərlərinin arasında «ştıknoj» ilə vurulma artıq «dəb» halını alıb və rəhbərlik nəyin bahasına olursa-olsun bu məlumatların mətbuata çıxmasını əngəlləyir. Daha dəqiqi DSX rəisi Elçin Quliyev onsuz da korlanmış reputasiyasının bir qədər də pis duruma düşməməsinə çalışır. Məlumatlarda bildirilir ki, Elçin Quliyevin kadrı sayılan Arzu Rəhimovun yarıtmaz fəaliyyəti onu pis vəziyyətdə qoyub. Məsələ burasındadır ki, son dönəmlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsgərliyə aparılan gənc əsgərlərin xəstəlikdən ölməsi aranı əməlli başlı qarışdırıb. Təkcə son çağırışdan sonra üç nəfər bir ayın əsgəri xəstəlikdən ölüb. Əldə etdiyimiz digər məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son 6 ayda yüzlərlə vərəm xəstəsi milli orduya göndərilib və hərbi hissələrdə təkrar müayinədən sonra təxris edilib. Səfərbərlik Xidməti ilə bağlı əldə etdiyimiz başqa bir fakt da şok effekt yaratmaq gücünə malikdir. Məlumatlara görə Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən iyul ayında xidmətə göndərilən əsgər Əhmədov Elşən Rabil oğlunun böyrəyi yox imiş. Daha dəqiqi yeni xidmət bir böyrəyi olmayan çağırışçını əsgərliyə göndərib və qısa müddət keçəndən sonra onun digər və ya yeganə böyrəyi sıradan çıxıb. Hazırda əsgər hospitalda müalicə olunur və həkimlər bütün güclərini səfərbər edərək onun tək böyrəyini qurtarmağa çalışırlar. Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Səfərbərlik Xidməti istər böyrəyi olmayan, istər vərəm daşıyıcısı olan, istərsə də başqa qüsurlu xəstə uşaqları məhz milli orduya göndərir. Bu isə kifayət qədər maraqlı məsələdir və bunun təsadüf olduğunu düşünmək sadəcə sadəlöhvlük olardı.
Sorğu
Yeni dizaynımız necədir?