“İllərdir apardığımız mübarizənin nəticəsi olaraq artıq sinirlərimiz pozulub. Bu gərginliyin də yaranmasına səbəb bu oldu”. Bunu virtualaz.org-a açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı Milli Şuranın bu gün keçirilən sessiyasında KXCP üzvü ilə aralarında yaşanan əlbəyaxa davaya münasibət bildirərkən dedi.
T.Abbaslı yaranan bu xoşagəlməz hadisənin sonradan aradan qarşılıqlı olaraq qaldırıldığını bildirdi: “Mənim KXCP sədri Mirmahmud Mirəlioğlu başda olmaqla bütün partiya üzvlərinə hörmətim var. Biz daha sonra həmin şəxslə əl şıxışdıq və bu məsələni bağladıq”.
Sessiyada yaranan fikir ayrılıqlarını və Müsavat Partiyası ilə Milli Şuranın digər üzvləri arasında yaranan gərginliyi şərh edərkən isə T.Abbaslı bunları qeyd etdi: “Milli Şurada müxtəlif mövqeli, fikirli şəxslər var. Bugünkü sessiya diskussiyalı, debatlı və demokratik oldu. Həmsədrlik məsələsində bir az fikir ayrılığı oldu. Müsavat Partiyası Rüstəm İbrahimbəyovu dramaturq, ziyalı, yazar kimi qəbul edir. Lakin onun siyasi kimliyi bizim siyasi liderlərin siyasi kimliyi qədər hələ oturuşmayıb”.
İbrahimbəyovun ard-arda verdiyi bəyanatların bir-biri ilə uzlaşmadığını deyən T.Abbaslı bunun bir neçə dəfə təkrarlandığını və partiyalarının bunu qəbul edə bilmədiyini vurğuladı: “Müsavat Partiyası bunu nəzərə almağa çalışır ki, onun təmsil olunduğu qurumun adından çıxış edən insanların siyasi kimliyi daha da oturuşmuş olsun. Çünki İbrahimbəyovun dediyi hər bir söz Milli Şuraya, Milli Şuraya aid olan sözlər də Müsavat Partiyasına aid olur. Buna görə biz buna etiraz etdik ki, fəxri sədr olmasın. Amma qərar qəbul olundu və İbrahimbəyov fəxri sədr seçildi”.
T.Abbaslı R.İbrahimbəyovun fəxri sədr seçilməsini Müsavat tərəfindən yenidən müzakirə olunacağını dedi: “Başqanın da qeyd etdiyi kimi, bu qərardan sonra Müsavat Partiyası toplaşacaq və bu qərarı yenidən müzakirə edərək öz qərarını verəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?