Yevda Abramov: “Bakida yaşayan yəhudilərin çoxunun 2 pasportu, bəzilərinin hətta 3 pasportu var”
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycanda yaşayan yəhudilər, onların məşğuliyyəti, sayları, ölkədə ki, qaz-elektrik problemləri, məmurların fəaliyyəti və digər məsələlər haqqında suallara cavab verir.
- Azərbaycanda yaşayan yəhudilərin konkret sayı nə qədərdir?
- Məndə olan məlumata görə, 25 min yəhudi yaşayır. Bu statistikadır. Bunu dövlət adamları səsləndirib və mən onu dəyişə bilmərəm. Normalda 22 və ya 23 min də ola bilər. Nəzərə alın ki, burada yaşayan yəhudilərin çoxunun iki pasportu var, hətta 3 pasportu olan da var. Bu gizli deyil. Bunun üçün bəzi dövlət adamları da gözünü bağlayır.
- Niyə?
- Çünki bunun Azərbaycana xeyri çox, ziyanı isə azdır.
- Pasport məsələsini parlamentdə də qaldırmışdınız bunun nəticəsi oldu?
- Tamamilə doğrudur. Mən təklif edirdim ki, pasport məsələsində reallıqları nəzərə alaq. Həm də 3 gün məsələsini 9 günə qədər qaldıra bildik. Bunun üçün 9 aya qədər mübarizə apardım.
- Yəhudilər Azərbaycanda hansı fəaliyyətlə məşğul olur?
- İcmalar içərisində yəhudilər Azərbaycan daxilində ən çox assimilyasiya edilən, daha çox azərbaycanlıya oxşayan zümrədir. Həm xarici görünüş baxımından, həm də adət-ənənələri baxımından. Yas və toy adətləri, ailə institutu baxımından yəhudilər azərbaycanlılara daha yaxındır. Əsas məşğuliyyətləri dədə-babadan qalma ticarətdir. Eyni zamanda yəhudilərdən həm gözəl müəllimlər, həm həkimlər, həm də fizika və riyaziyyat sahəsində alimlər olub. Azərbaycan Tibb Universitetinin ilk rektoru yəhudi olub. Eləcədə 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 2 yəhudi deputat olub. Xalq
Cümhuriyyətinin səhiyyə naziri postunu da yəhudi millətinin nümayəndəsi tutub.
- Azərbaycanın İsraildə səfirlik açması məsələsi daima müzakirə mövzusudur. Sizcə, niyə İsraildə Azərbaycan səfirlik açmır?
- Mən deputatam və bu məsələ mənim fəaliyyət növümə daxil deyil. İkincisi, cənab prezident deyib ki, Qarabağ məsələsində sülh əldə etməyincə bölgədə maraqları olan dövlətlərlə balanslaşdırılan xarici siyasət kursu yürüdüləcək. Bu sözün mahiyyəti prinsipcə aydındır. Bu bölgə üç imperiyanın- far, rus və osmanlı imperiyalarının caynağı altında olan balaca Azərbaycan hər üç ölkədən Qarabağ probleminin həlli üçün istifadə etməlidir. Və bu günü kimisə özümüzdən küsdürə bilmərik. Bunun zamanı da deyil. Fikrimcə, prezident ağıllı diplomatik siyasət aparır və İsraildə səfirlik açılması məsələsini II mərhələyə saxlanılır. Birinci mərhələdə əsas məsə Qarabağda sülh əldə etməkdir. Bu səfirlik niyə açılmır suallarının fəlsəfəsidir. Yəni səfirlik üçün bina yoxdur, maliyyə çatışmır kimi məsələlər yoxdur.
- Bir azərbaycanlı İsrailə getmək istəyirsə hansı proseduralardan keçməlidir, sizcə proseduralar asandırmı?
- Burada yaşayan yəhudilərin İsrailə getməsi üçün heç bir çətinlik yoxdur. Digər millət üçün İsrailin Daxili İşlər nazirliyinin razılıq məktubu olmalıdır. Bu onlayın sistemi üzrə İsrailin Bakıdakı səfirliyinə daxil olmalıdır. İsrailin Daxili İşlər Nazirliyi Bakıdan İsrailə gedən vətəndaşın bu ölkəyə daxil olması üçün icazə verməlidir.
- Reallıq budur ki, çoxlu sayda insan çətinlik çəkir...
- Mən bilirəm ki, bu çətindir. Mənə də, müraciətlər edirlər. Sadəcə pasport haqda statistikanı İsrailin Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə göndərmək lazımdır. Əgər bu nazirlikdən səfirliyə sizin 3 ay ərzində İsrailə səfər etməyinizə dair razılığı göndərirsə bununla da, məsələ bitdi.
- İsraildən Azərbaycana gəlmək çətindir?
- Xeyir, çox asandır. Çünki İsrail vətəndaşı təyyarə əyləşib Bakıya gəlir və bizim aeroportda viza alaraq şəhərə daxil olurlar.
- Son zamanlar bəzi yəhudi iş adamlarına cinayət işi açılır. Söhbət Rusiyadan gedir. Bu nə ilə bağlıdır?
- Onların bəzilərini tanıyıram, çoxu isə mənim şagirdlərim olub. Ancaq Rusiya qanunlarıdır və mən bu qanunlara baş vura bilmərəm. Azərbaycanda yatanda deyirik ki, allaha dua edirik ki, sabaha sağ-salamat yerimizdən duraq. Amerikada, Rusiyada isə insanlar yatanda allaha dua edirlər ki, vergiyə ilişməsinlər. Vergi verilməlidir. Bu məsələdə fırıldaq işlətmək olmaz. Uzun müddət fırıldaq gələndə sonu yaxşı olmur. Mən Rusiya qanunları haqda danışa bilmərəm. Rusiyanın məhkəmələri var və bu biznesmenləri sadəcə aparıb içəri doldura bilməzlər. Təbii ki, bu istiqamətdə araşdırmalar gedir. Son zamanlar Manaşirovun məhkəməsi gedir. Mən ona dərs demişəm. Ən böyük səs-küylü iş odur. Xadarkovski məsələsi həll edilib. AST Telman İsmayılovla bağlı məqam da həll edilib, biznesmen bankrot elan edilib, əlində olan böyük şirkətlər alınıb. Telmana dərs demişəm. Onunla Qubada yas mərasimlərində görüşmüşəm. Vaxt olub ki, Telman İsmayılov Yevgeni Primakovla Qubada qonaq olub. Həm də cənab prezidentin yanında olub. Bu gün Telman artıq unudulan iş adamıdır. Allah hamıya kömək olsun. Biz başqa ölkələrin qanunlarını müzakirə edə bilmərik.
- Parlamentdə nadir hallarda çıxış edirsiniz. Buna səbəb nədir?
- Əslində mən hər gün çıxış edə bilərəm. Mənim üçün çıxış etmək su içmək kimi bir şeydir. Bütün Quba rayonu, xarici ölkələr də bilirlər ki, mən saatlarla çıxış edə bilərəm. Lakin mən hesab edirəm ki, Milli Məclisdə çıxış edən şəxslər məsələlərə peşəkarcasına münasibət bildirməlidir. Əgər ginekologiya haqda qanun müzakirə edilirsə, beş həkim orada olduğu təqdirdə mən niyə çıxış etməliyəm? Mən o vaxt danışıram ki, xalq bu çıxışı məndən gözləyir. Həm də, bunu mən deməsəm başqası deyə bilməz. Mən ona görə hər dəfə danışmıram ki, çıxış edə bilmirəm. Cənab prezidentin yanında dəfələrlə danışmışam, həyəcanda keçirməmişəm. Bilirəm ki, prezident ədalətli danışan, xalq üçün yanan insanları sevir. Odur ki, əgər mən 2 ay danışmıramsa, bu mənim savadsız və ya biliksiz olmağımdan irəli gəlmir.
- Çıxış edəndə də məmurları kəskin tənqid edirsiniz...
- Mənim məmurlarla şəxsi qərəzliyim yoxdur. Yeganə adamam ki, bütün qohum-qardaşım, balalarım başqa yerlərdə yaşayır. Oxuduqları yerlərdə qalıblar, ailə qurublar, indi də bir tikə çörək qazanıb yaşayırlar. Hamıya da ədalətli danışmağı və ədalətli olmağı öyrətmişəm. Odur ki, danışanda nə şəxsi qərəzim olur, nə də kiminsə stoluna göz dikirəm. Mən təmiz insanam, heç bir korrupsiyada və rüşvətdə əlim yoxdur. Hamının, o cümlədən məmur və nazirlərin qarşısında başım dikdir. Odur ki, çıxış edəndə kimdənsə utanmıram. Niyə tənqid etməyim?
- Niyə tənqid edəsiniz?
- Axı bunlar cənab prezidentin getdiyi yolla getmir, onun əl-ayağına dolaşır, mane olurlar, xalqı prezidentə qarşı qaldırırlar. Mən o vaxt parlamentdə danışdım. Açıq dedim ki, 790 min manatı Quba camaatına sıramısınız və xalqı küçələrə çıxarmışınız. Həmin vaxt mən gizlənmədim, küçəyə xalqın qarşısına çıxdım. Təsəvvür edin ki, mənim özümə 870 manat borc yazılmışdı. Söhbət qazdan, işıqdan gedir. Çıxış etdikdən dərhal sonra borcu sildilər.
- Ancaq mavi yanacaq son dövrlər vətəndaşlarımız üçün ciddi problem olub. Xüsusilə, havalar soyuyandan sonra. Bu baxımdan Qubada vəziyyət necədir?
- Dünyada heç bir ölkədə qış-yay rejimi yoxdur. İsraildə heç bilmirsən qaz balonu nə zaman dəyişilib. Hansı sürətlə istəyirsən qazı işlət, amma pulunu ver. Qaz yoxdur və ya çox zəifdir. Səbəb kimi də deyirlər ki, qış rejiminə keçilməyib. A balam, Qubada qar yağıb, sən hansı qış rejimindən danışırsan? Qardaşım, mənim smart kartım var. Qazı mənə ver, sənə pulunu ödəyim! Sənsə qazını Ruminiya, Bolqarıstan, Çexiyaya, Türkiyəyə satmaq istəyirsən. Əvvəl mənə sat, sonra başqasına. Ona görə, parlamentdə çıxışım zamanı dedim ki, aləmi bəzər özü lüt gəzər. Qazı bizə ver də, ver vətəndaşın işlətsin və pulunu da ödəsin. Birinci növbədə vətəndaşdır, ikinci növbədə qonşu ölkə. Sabah prezident seçkisində, parlament seçkisində vətəndaş bizə lazımdır. Qarabağı sabah azad edəndə kim lazım olacaq? Vətəndaş! Deməli vətəndaşın qazını, suyunu, işığını yüksək səviyyədə vermək lazımdır. Niyə 220 volt əvəzinə 180 volt elektrik verirsən? Bilirsinizmi bu nə deməkdir? Fərz edin ki, mandalin satan şəxs 1 kiloqram əvəzinə sizə 800 qram verir. Səndə 220 volt əvəzinə mənə 170-180 volt verirsən. Nəticədə soyuducum, televizorum yanır. Məncə, belə məsələləri
məmurun yadına salmaq lazımdır. Lakin mən bunu şəxsi qərəzlə demirəm. Heç həmin məmurun vəzifəsini də tutmaq niyyətim yoxdur. Bu gün, sabah təqaüdə gedəcəyəm, narahat olmasınlar. Mən kimisə alçaltmaq niyyətində də deyiləm. Özüm dəfələrlə Azəriqazda, başqa qurumlarda olmuşam. Hələ bələdiyyə sədri işlədiyim zaman iş adamlarından 150 min dollarlıq maliyyə toplayıb Qubada dairəvi qaz kəməri çəkdirmişəm. Həmin kəmərləri Azəriqaza verdim. Daha nə istəyirlər, hər cür kömək və dəstək göstərilir. Üstəlik prezidentin də ciddi dəstəyi var. O zaman xalq niyə incik düşməlidir? Biz deputatıq. Biz nazirin və ya məmurun deyil, millətin vəkiliyik. Bizim dediyimiz söz bizim yox xalqın sözüdür. Xalq bura gəlib sözünü deyə bilmir, 40 min seçici gəlib burada söz deyə bilməz, odur ki, mən gəlmişəm. Bir kəs də bundan inciməsin. İnciyirlərsə, incisinlər. Hərə öz işini görür. Əgər sən bürokratik işləyirsənsə, məndə bu cür işləyirəm. Məhəmməd Peyğənbərə deyirlər ki, ya Peyğənbər filankəs sizə üçüncü dəfə pislik elədi. Peyğənbərdə deyir ki, əl çək, mən ona yaxşılıq edirəm. Pislik etmək onun, yaxşılıq etmək də mənim sənətimdir. Odur ki, mənim də sənətim danışmaq, seçicilərimin və xalqın sözünü deməkdir. Ancaq tənqid etmirəm, iş olanda tərif də edirəm. Oqtay Şirəliyevi ciddi tənqid etdim. Gedib Qonaqkənddə poliklinika tikdi. Mən nə istəmişdim ki? Doğum üçün rentgen aparatı. Gedib görürəm ki, bunları etdi. İndi mən ona təşəkkür etməli deyiləm? Bəli, etməliyəm! Durub təşəkkürümü bildirdim. O, çətin şəraitdə bu işləri gördüyü üçün, məndə parlamentin iclasında təşəkkür etdim. Amma orta məktəb tikiblər, stadionu da var. Ancaq 40 nəfərdən böyük bir otağı yox idi ki, orada referendumla bağlı materialları müzakirə edim. Dedim Mikayıl müəllim, belə şey olar? Əgər tikəcəksə, onu tərif edəcəyəm, tikməyəcəksə yenə tənqid edəcəyəm. Mən bunları özüm üçün etmirəm, şagirdlər üçün edirəm.
- Nəyə görə, Azərbaycanda özünüzdən başqa yaxın qohumlarınız, övladlarınız yaşamır?
- Kim harada oxudusa, orada da ailə qurdu, işə düzəldi. Mən deyə bilmərəm ki, dur gəl bura. Deyəcək, ata Milli Məclisdə yanına oturdacaqsan məni?
- Sizin haqqınızda “Yevda Abramov göründüyündən dəfələrlə güclü adamdır” fikrini deyirlər. Sizcə, niyə?
- Bəlkə də hündür olduğum üçün deyirlər. Yəqin əlaqələrimə görə belə düşünürlər.
- Məsələn, hansı əlaqələriniz var?
- ABŞ senatorları, konqresləri ilə normal münasibətlərim var. Los-Angelesdə yüksək əlaqələrə malikəm və daima oradakı konsulumuza dəstək verirəm. İsrail və Almaniyada yüksək əlaqələrə malikəm, dostlarım oralarda yüksək vəzifələr tutur. Təsəvvür edin ki, bir gün Ziyafət Əsgərov dedi ki, bu gün İsrail parlamenti “erməni soyqırımı” məsələsinə baxacaq. Məni soyuq tər basdı. Yavaşca iclasdan çıxıb İsrailə zəng etdim, danışdım. Dedilər ki, narahat olmayın bu saat “erməni soyqırımı” məsələsini gündəlikdən çıxararıq. O zaman orada tanışım var idi, indi İsraildə nazirdir. Telefonla danışdıqdan sonra qayıdıb dedim ki, İsrail parlamentində “erməni soyqırımı” məsələsi müzakirə edilməyəcək və gündəlikdən çıxarıldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?