Yəhudi mətbuatı “The Jewish Daily Forward” Azərbaycanın Quba rayonunda yəhudilərin məskunlaşdığı Qırmızı qəsəbədən reportaj hazırlayıb. Tarix boyu yəhudilərin bu ərazidə məskunlaşmasına diqqət çəkən yazar hazırda yəhudilərin Qırmızı Qəsəbədən tədricən köçdüyünü iddia edib. Qəsəbədə müxtəlif adamları danışdıran yazar bildirib ki, buradakı yəhudilər yaxşı yaşamaq və qazanc əldə etmək üçün Bakı, Moskva və digər xarici ölkələrə gedirlər. Yazıda qeyd edilir ki, Sovet imperiyası dağıldıqdan sonra, 1991-ci ildən yəhudilər Sovet ölkələrini tərk edir, lakin burada səbəb digər ölkələrdə olduğu kimi anti-semitizm deyil. Reportajda danışdırılan dağ yəhudilərindən biri bildirib ki, Azərbaycanda iş siyasəti rayon yerlərinə gəlib çatmayıb və insanlar qazanc əldə etmək üçün Bakı, Moskva və Təl-Əvivə gedirlər. “Sonra ola bilsin ki, onlar qayıdırlar”.
Məsələ ilə bağlı Modern.az Milli Məclisin yəhudi mənşəli deputatı Yevda Abramovla əlaqə saxlayıb. Yevda Abramov Modern.az-a açıqlamasında hazırda Qırmızı Qəsəbədə olduğunu və burada yol çəkilişlərinin aparıldığını bildirib. O, qeyd edib ki, yəhudilərin qəsəbəni tərk etməsi barədə məlumat yalandır.
“Buranı heç kim tərk etmir. Əksinə, bura gələnlərin sayında artım var. Həmin xarici mətbuat nümayəndələrini bura dəvət etmək laızmdır ki, baxıb görsünlər ki, köç var, ya yox. Sadəcə, seçkiqabağı suyu bulandırmaq istəyirlər və burada erməni barmağı var”.
Y.Abramov Azərbaycanda ən yaxşı yaşayışın Qırmızı Qəsəbədə olduğunu bildirib. “Hazırda Qırmızı Qəsəbədə 5000-ə yaxın, 4500-dən yuxarı yəhudi yaşayır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?