Yevda Abramov: “Bu insanlar azərbaycanlılarla yəhudilər arasında nifaq salmaq istəyir” “Zarax İliyev və Qod Nisanov haqda yazılanlar tamamilə uydurmadır” – bu sözləri “Yeni Müsavat”a Rusiyada yaşayan Azərbaycandan olan yəhudi əsilli milyarder Zarax İliyevin yaxın qohumu, Azərbaycan parlamentinin üzvü, deputat Yevda Abramov deyib. Onun sözlərinə Z.İliyev Moskvadakı azərbaycanlılara əl tutub, problemlərinin həllinə köməklik edib: “Obyektivliyə, reallığa əsaslanmayan məlumatlardır. Zarax İliyev Moskvada biznes qurandan sonra on minlərlə azərbaycanlıya çörək verib, bununla yanaşı qeydiyyata düşmək imkanı yaradıb. Azərbaycanlıların Moskvada yaşaması üçün şərait yaradıb, həmişə də əlini azərbaycanlılar tərəfə uzadıb, bir sözlə mesenantlıq edib. Kim belə şeylər yazırsa, onlar milli münasibətlərə rəxnə, ziyan vermək istəyir. Bu insanlar azərbaycanlılarla yəhudilər arasında nifaq salmaq istəyir. Bunun başqa adı yoxdur”. Xatırladaq ki, “Gündəm Xəbər” qəzeti Rusiya mətbuatına istinadən Moskvada bazarlara və azərbaycanlılara qarşı total hücumun arxasında Qubadan olan milyarderlər Zarah İliyev və Qod Nisanov dayanması haqda yazı dərc edib. “Orxan Zeynalov olayının arxasından Azərbaycan yəhudiləri çıxdı” sərlöhvəli yazıda yəhudi əsilli milyarderlərin Moskvadakı bütün ticarəti əllərində cəmlədikləri iddia edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?