Qurban Məmmədov: “Əgər dəyişiklik olmasa bilin ki, səbəb müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olub”
gundemxeber.az Son günlər məşhur vəkilQurban Məmmədov sosial şəbəkələrdə diqqət mərkəzindədir. O, əsasən müxalifətin bir yerdə olması üçün çağırışlar edir və 2013-cü ilin son şans olduğunu bildirir. Qarşıdan gələn prezident seçkiləri və bu seçkilərdə müxalifətin üzərinə düşən məsuliyyət haqqında suallara da dünən Qurban Məmmədov cavab verib.
- Qurban bəy, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Son zamanlar siz xüsusilə aktivlik nümayiş etdirirsiniz. Seçkilərlə bağlı mövqeyiniz və düşüncəniz nədən ibarətdir? - Fikrimcə, Azərbaycanda növbəti prezident seçkiləri əgər bu rejimin nəzarəti altında keçirəcəyiksə, deməli növbəti cinayətə, yəni hakimiyyəti zorla əldə etmə və saxlanması cinayətinə qanuni don geyindirilməsi prosesində iştirak edəcəyik. İkincisi, normal seçki mühiti yaradılmayınca, bu seçkidə iştirak etmək olmaz. Üçüncüsü, normal seçki mühitinin yaradılması uğrunda AXCP sədri Əli Kərimlinin elan etdiyi mübarizənin təşkilində bütün millət iştirak etməlidir. Yəni bu məsələdə Əli Kərimliyə dəstək verilməli və ədalətli seçki şəraitində ümumxalq mübarizəsi başlamalıdır. Dördüncüsü, bu mübarizə uğurla nəticələnərsə, yəni Seçki Məcəlləsinə vacib düzəlişlər və əlavələr edildikdən, habelə seçki komissiyalarında lazımı dəyişikliklər olandan sonra müxalifət liderləri toplaşaraq vahid namizəd müəyyən etməlidirlər ki, seçkilərdə müxalifətin qələbəsi təmin edilsin. - Siz bu başdan vahid namizədin elan edilməsinə isti yanaşmırsınız? - Qətiyyən. Vahid namizədi bu saat elan eləmək olmaz. Vahid namizəd özünün işi, zəhməti, əziyyəti və fədakarlığı, qərarları, sistemli davranışları ilə müəyyən edilməlidir. Bu gün kimsə vahid namizədi müəyyən edə bilməz. Hər bir lider konkret olaraq gördüyü işlə qiymətləndirilməlidir. Amma, bütün bunlara baxmayaraq vahid namizədin seçilməsinin iki yolu təklif edilir. Birincisi, namizədlər öz aralarında danışıqlara gedirlər və bağlı qapılar arxasında kim istəyirsə kiməsə güzəştə gedir və beləliklə məsələ həll edilir. Yox, əgər bu mümkün olmursa, bu zaman ictimai sorğular və ilkin seçkilər vasitəsi ilə bu problemi həll eləmək olar. Amma bir daha qeyd edirəm ki, bu məsələnin məhz indi əsas məsələ olaraq müzakirə edilməsini doğru hesab eləmirəm. Mənim fikrimcə, vahid namizəd məsələsinin bu şəkildə gündəmə gətirilməsi doğru deyil və müxalifətin parçalanmasına xidmət edir.
- Sizin şəxsi düşüncənizə görə, hansı siyasi liderin namizədliyinin üzərində durulsa seçkidə uğur əldə etmək olar? - Mənim şəxsi mövqeyimə görə, bu gün Azərbaycan müxalifətində, təmsil etdiyi təşkilatın gücünə, strukturlarına, respublikanın ərazi vahidlərini idarə etməsinə, elektoratına, funksionerlərinin sayına, kadr potensialına və özlərinin şəxsi keyfiyyətinə görə, mən üç real namizədin adını qeyd edə bilərəm. Bunlar hörmətli AXCP sədri Əli Kərimli, Azərbaycan siyasətində kifayət qədər tanınan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyevadır. Mən bu şəxsləri real prezidentliyə namizəd kimi görürəm. Onların hər biri vahid namizəd ola bilər və buna layiqdirlər. - Siz situasiyaya müvafiq olaraq onlardan hansına üstünlük verərdiniz? -Mən bu barədə hələlik fikrimi açıq şəkildə demək istəmirəm. Ancaq hesab edirəm ki, normal seçki mühitinin yaradılması uğrunda mübarizə mərhələsinin lideri Əli Kərimlidir.
- Niyə məhz Əli Kərimli? - Çünki bu mərhələni Əli Kərimlinin özü elan edib və qarşısına bu məqsədi qoyub. Hesab edirəm ki, günün ən vacib məsələsi vahid namizədin müəyyən edilməsi deyil, azad və ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizənin liderinin müəyyən edilməsidir ki, bu da AXCP sədri Əli Kərimlidir. - Sizin son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əli Kərinliyə dəstək ifadə etməyiniz başqa qüvvələri narahat edir və onlarda qıcıq yaradır. Mən xüsusilə Müsavat Partiyasının fəallarını nəzərdə tuturam... - Müsavat Partiyasında olan bəzi dostlarımız mənim fikirlərimi və mövqeyimi düzgün başa düşməyiblər. Deməli, bu gün Azərbaycan müxalifətinin aparıcı iki partiyası var. Bunlar AXCP və Müsavat Partiyasıdır. AXCP sədri Əli Kərimlinin elan etdiyi vəzifə, yəni qanuni seçki mühitinin yaradılmasıdır. Müsavat Partiyası başqanı İsa Qəmbərin elan etdiyi vəzifə isə nəyin bahasına olursa-olsun seçkilərdə iştirak etməkdir. Əli Kərimlinin mübarizəsi bu gündən, İsa Qəmbərin elan etdiyi mübarizə isə prezident seçkilərinə rəsmi start verilən gündən başlayır. Ona görə də seçkiyə rəsmi start verilənə qədər ki, dövr bir cür mübarizə vasitəsi tələb edir. Əli Kərimlinin tklif etdiyi və qanuni seçki mühitinin yaradılmasını nəzərdə tutan mübarizə isə başqa mübarizə vasitələri tələb edir. Ona görə də, mənim müsavatçı dostlarım bəzən dediyimi düzgün başa düşməyiblər. Mən bir daha qeyd edim ki, vahid namizədi Qurban Məmmədov təyin etmir. Əksinə, vahid namizədi liderlər öz aralarında müəyyən etməlidirlər. Mən deyirəm ki, bu gün qarşısına qanuni seçki mühitinin yaradılmasını mqsəd qoyan Əli Kərimli bu ideyann da lideri olmalıdır. Eləcədə xalq bu məsələdə onun arxasında durmalıdır. Biz hər birimiz Azərbaycanda azad və ədalətli seçkilərin yaradılması üçün əlimizdən gələni etməliyik. Məsələ bu qədər sadədir.
- Sosial şəbəkələrdə bəzən sizin təhqir olunmağınız belə bu işlərə mane və kölgə salmaz ki? - Xeyr. Mən burada qeyri adi bir şey görmürəm. Nəzərə alın ki, sosial şəbəkələrdə ciddi müzakirələr gedir. Hər kəs öz fikrini deyir. Bu müzakirələr çox yaxşı və məhsuldardır. Hesab edirəm ki, belə açıq müzakirələr müxalifət düşərgəsinin xeyrinədir.
- Sizin vahid namizəd məsələsinə bu cür yanaşmanız və başqasının “nəyin bahasına olursa-olsun biz seçkidə iştirak edəcəyik” bəyanatı arasında ciddi fərqlərin olduğunu göstərmirmi? Digər tərəfdən, əgər seçkinin nəticəsi saxtalaşdırılacaqsa bu prosesdə iştirakın nə əhəmiyyəti var? - Hər bir siyasətçi dediyi sözə və törətdiyi əmələ görə xalqın qarşısında məsuliyyət daşıyır. Biri başqasının əvəzindən cavab verməyəcək. Odur ki, hər kəs öz mövqeyini ifadə edir. Qiyməti də xalq verməlidir. Seçkidən sonra kimin haqq olduğu bəlli olacaq.
- Mən pessimist əhval-ruhiyyədə olmaq istəməzdim. Ancaq 2013-cü idə də, gözləntilər özünü doğrultmasa və bu dəyişiklikləri edəcəyik deyib siyasi məsuliyyətə girən şəxslər nə cavab verəcəklər? - Azərbaycan xalqının özü kimə hansı münasibət bildirməli olduğunu müəyyən etməlidir. Təbii ki, seçki prosesinə və ondan sonrakı dövrdə xəyanət edən siyasətçiyə xalq öz hərəkəti ilə münasibətini bildirməli və onu çıxdaş etməlidir. Mən xalqın əvəzindən cavab verə bilmərəm. Hər halda millətimiz aqil millətdir, ağıllı toplumdur və hər şey də göz önündə baş verir. Hörmətli İsa Qəmbərin dediyi kimi 2013-cü il çox adamların maskasının cırıldığı il olacaq. Gəlin tələsməyək.
- Sizi 2003-cü ildə Etibar Məmmədovla İsa Qəmbərin bir araya gəlməsinə çalışmsınız, danışıqlar aparmısınız. Ötən ildə forum vasitəsilə müxalifəti bir araya gətirməyə çalışırdınız, müxalifət liderləri ilə görüşlər keçirirdiniz. Bu istiqamətdə hazırda fəaliyyət göstərirsinizmi? - Mən son nəfəsimə qədər bu rejmdən xilas olmaq üçün, xalqımın cinayətkar qruplardan xilası üçün əlimdən gələni edəcəyəm. Azərbaycan müxalifəti və onun liderlərinin birləşməsi istiqamətində də əlimdən gələni edəcəyəm. Əks təqdirdə bu zavallı millət uzun illər əsarətdə qalacaq.
- Bəs sizin forumun taleyi necə oldu? - Qeyd edim ki, 20 gün bundan öncə forumun toplantısı keçirilib. Həmin toplantıda dostlar məni rəsmi qayda da sədr seçdilər. Forum mənə müəyyən işlərin aparılmasını tapşırıb. Forumun sıralarının genişləndirilməsi, lazım gələndə təşkilatlanma işlərinin görülməsi istiqamətində hazırlıq gedəcək. Nəticələri bir azdan elan edəcəyik.
- Belə fikri var ki, təkəbbürlü müxalifət liderləri bir komanda da ikinci və üçüncü şəxs olmağa razı deyillər, amma daha 20 il müxalifətdə qalmağa razıdırlar. Bu yanaşma nə dərəcədə doğrudur? - Siyasətçinin iddialı olması onun müsbət keyfiyyətidir. O başqa şeydir ki, imkanlarına uyğun olmayan iddianı ortaya qoymaq mənfi haldır. Amma adam siyasətçidirsə, təbii ki, iddiası olmalıdır. Lakin Azərbaycan müxalifətində bu günə qədər tanıdığımız siyasi liderlər arasında o qədər ciddi fərq ayrılığı yox idi. Bu səbəbdən də, siyasətçilər bir-birini həzm edə bilmirdi. Amma son vaxtlar AXCP və Müsavat digərlərindən öndədir. Təbii ki, bu iki partiya arasında AXCP Müsavatdan bir qədər qabağa çıxıb. Hesab edirəm ki, bu il ciddi problem yaşanmaz. Hər kəs öz yerini bilər və birləşərək bu komanda da birinci və ya beşinci olmaqla dövləti idarə edər, xalqı normal vəziyyətə çıxararlar.
- Siyasi baxımdan dəyişikliklər ehtimalı nə qədərdir? - Mən hesab edirəm ki, 2013-cü il Azərbaycan xalqı üçün bir şansdır. Buna qəti əminəm. Azərbaycan müxalifətinin liderləri, xüsusilə AXCP və Müsavat, onların liderləri vahid mövqe nümayiş etdirə bilsələr digər partiyalar bu iki liderin ətrafında birləşəcək. Xalqımızda məhz bu birliyə dəstəyini verəcək. Xalqın dəstəyi ilə qan tökülmədən 2013-cü ildə dinc yolla rejim dəyişikliyinə nail olacağıq. Əgər bu baş verməyəcəksə bunun yalnız bir səbəbi olacaq. O da müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olacaq. Əgər müxalifət birləşəcəksə, qalan prtiyalar da birləşəcək və bunda xalqın son 20 ildə içinə topladığı kin, nifrət çıxacaq, müxalifətə ciddi dəstək veriləcək. Mən buna qəti əminəm. Azərbaycandakı siyasi rejimin beynəlxalq aləmdə, ölkə içində nüfuzunun ən aşağı düşdüyü mərhələdir. Məndə olan məlumatlara görə, seçkilər yaxınlaşanda Elşad Abdullayev elə videoları ortaya çıxacaq ki, bunların çoxu kabinetində başına güllə vurmalı, çoxu ailəsindən boşanıb qaçmalıdır. Siz bu şeylərin şahidi olacaqsınız. Mənə elə gəlir ki, başında ağlı olan adam 20 ildə yığdığını dağıtmaz. Halal xoşları olsun, daha bəsdir. Mən bildiyim qədər Əli Kərimlinin partiyası iqtisadi amnistiya haqqında bəyanat hazırlayır. Hakimiyyətə gələn kimi bunu elan edəcəklər. Eləcə də orta kadrların və məmurların dəyişdirilməyəcəyi haqda ortaya mövqe qoyacaqlar. Ona görə də, mən hesab edirəm ki, bu şansı əldən vermək olmaz.
- Elşad Abdullayev tərəfindən yayılan sonuncu videoya münasibətiniz necədir? Orada Ramiz Mehdiyevin özünün şəxsən 1 milyon dollar sayması, çomadanı açmaq üçün hansısa dəmir alətdən istifadə etməsi haqda deyilənlər nə dərəcədə doğrudur? - Mən bu kadrlara baxmışam. Dəqiqdir ki, bu rejim sahiblərinin pula hərisliyi və pulgirliyi hamıya bəllidir. Bu adamlar ancaq xalqı soymaq, dövlətin büdcəsini dağıtmaq haqda düşünürlər. Amma videoda çıxış edən qadının sözləri, həyacanlanması, çıxışlarının ardıcıllığına bir hüquqşünas kimi diqqət etmişəm. O, Elşad Abdullayevə inandırmağa çalışır. İkici tərəfdən, mən Ramiz Mehdiyevi uzun müddətdir tanıyıram və ciddi izləyirəm. Qadının bütün hərəkətləri dələduzluq fəaliyyətinə yönəlib. O, Elşad Abdullayevi inandırmaq üçün böyük yalanlar uydurmağa çalışır. Guya Ramiz Mehdiyev otağında pulu belə sayır, atfiyorkadan istifadə edib pulla dolu çomadanı sındırıb və s. Fikrimcə, bunlar gülünc şeylərdir. Aydın görünür ki, qadın rüşvətə vasitəçilik edib, pulun kimə verildiyini bilmir və Elşad Abdullayev qarşısında məsuliyyət daşıyacağını bildiyi üçün özünü sığortalamağa çalışır. Axı seçkidə doğurdan da E. Abdullayev MSK sədri tərəfindən qalib elan olunub. Bunlar bir-birinə uyğun gəlir. Amma mən inanmıram ki, Ramiz Mehdiyev otağında bunların gətirdiyi pulu sayıb, atfiyorkadan istifadə edib və s. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?