AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinə müsahibəsində mayın 28-də yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının prezident seçkisinə vahid qüvvə kimi qatılmasının zəruri olduğunu deyib: “Hazırkı mərhələdə əsas məqsəd ölkənin bütün demokratik potensialını vahid mərkəzdə səfərbər edərək hökuməti demokratik dəyişikliklərə, xüsusən qarşıdan gələn prezident seçkisinin demokratik keçirilməsinə sövq etməkdən ibarətdir. Biz çalışacağıq ki, qarşıdan gələn seçkidə vahid güc kimi, vahid platforma ilə iştirak edək. Mən tamamilə mümkün və lazımlı hesab edirəm ki, Milli Şura həm də qarşıdan gələn prezident seçkisində vahid namizədlə iştirak etsin”.
“Milli Şura vahid namizədlə çıxış etməyi nəzərdə tuturmu, təşkilatın qarşısına belə bir məqsəd qoyulubmu” sualını AXCP sədri belə cavablandırıb: “Açıq demək lazımdır ki, Milli Şuraya qoşulan qüvvələr bu mərhələdə belə bir öhdəlik götürməyiblər. Bizim siyasi bəyannamədə ifadə olunan fikir bundan ibarətdir ki, Milli Şuraya daxil olan qüvvələr seçkidə vahid platforma ilə vahid güc mərkəzi olaraq iştirak etmək niyyətindədir. Amma şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkisində vahid namizəd olaraq iştirak edək. Biz dostlarımızla, tərəfdaşlarımızla müzakirə aparmaqda davam edəcəyik, bir-birimizi inandıracağıq. Hər halda mənim əmin olduğum fikir bundan ibarətdir ki, əgər biz prezident seçkisinə bir neçə ay qalmış ölkənin demokratik qüvvələrini bir araya gətirə biliriksə, bu vahid mərkəzin seçkidə vahid namizədlə iştirak etməməsi çox təəccüblü olardı. Biz seçkidə vahid namizədlə iştirak etməliyik və inanıram ki, buna nail olacağıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?