Vətəndaşlardan rüşvət tələb edən sosial xidmət qurumlarının işçiləri niyə cəzalandırılmır?
Son vaxtlar məcburi köçkünlərin komunnal xərclərlə bağlı güzəştlərinin ləğv olunaraq aylıq müavinətlə əvəz olunması xidmət qurumlarının işini diqqət mərkəzinə gətirib. Heç demə, bu qurumlar indiyədək görəvlərini yerinə yetirib əhalini sayğacla belə təmin etməyiblərmiş. Ortaya belə bir haqlı sual çıxır: Niyə? Axı nədən “Azəriqaz”, “Azərsu”, Azəristilik”, bütövlükdə hökumət özü Prezident fərman verəndən sonra xidmətində durduğu insanları yada salır? Özü də necə? Qarlı- çovğunlu günlərdə zavallı köçkünlərin işıqlarını kəsməklə? “Azərişıq” niyə indiyədək qaçqın düşərgələrini sayğacla təmin etməyib ? Hələ işıq xidməti digərlərinin yanında toya getməlidir , heç olmasa işıq sayğacsız da olsa, verilirmiş . “Azəriqaz” , “Azərsu” , Azəristilik”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) isə heç qaçqınları yada da salmır . Belə çıxır , indiyədək şəhərin sanatoriyalarında elementar infrastruktur belə olmayıb? Rabitə xidmətini bir yana qoyaq . Mobil operatorlar insanları yarıkönüllü, yarıməcbur şəkildə staionar telefon xidmətinə “yadlaşdırıb”.
Bəs qaza , suya,istiliyə nə gəlib ? Sözügedən xidmət qurumlarının gerçəkdə insanlara keyfiyyətsiz xidmət göstərmələri , qanuna zidd olaraq “daxili oğruluq qaydaları” ilə işləmələri üzə çıxır . Fikir verin, “Azərsu”, ”Azəriqaz” vətəndaşın Bakının mərkəzində yerləşən evinə su, qaz çəkməkdən imtina edir ki, su xətti ərazidən keçmir, qaz xəttini vətəndaş özü çəkməlidir ! Ərazidə suyun , qazın olmaması bəyəm istehlakçının təqsiridir ? Niyə yaşayış massivi infrastrukturla təmin olunmayıb ? Bəs əhali neyləməlidir ? Axı hamının imkanı yoxdur ki, öz hesabına özünü sosial infrastrukturla təmin etsin ! Vətəndaş özünə qaz, su, işıq çəkəcəksə, onda bu xidmət qurumlarının işinin adı nədir ? Onlar reketliklə məşğul olmaq üçünmü yaradılıb. Bir neçə il öncə xidmət qurumlarının başlıca reketliyi fiziki şəxslərə texniki şərtin və sayğacın 500 manatdan 5 min manata kimi ödəniş qarşılığında verməsində özünü göstərirdi. Medianın bu “reketlik xidməti”ni gündəmdə saxlamasının sonucu olaraq əlaqədar qurumlar texniki şərtin və sayğacın fiziki şəxslərə pulsuz verilməli olmasını Nazirlər Kabinetinin müvafiq qərarları ilə anlatdılar . Bundan sonra xidmət qurumları yeni “reketlik” qaydaları fikirləşmək yolunu tutudlar . Baxın , sayğaca kimi bütün işlər xidmət qurumunun hesabına olduğu halda abonentlərdən 5-10 metrlik qaz, su, işıq xəttinə görə 500-1000 manat arası və daha çox məbləğdə pul tələb olunur! Xidmətin “ASAN”a verilməsi problemi nəinki asanlaşdırıb, çözüb, əksinə daha da çətinləşdirib . Axı bu “ASAN”da xidmət göstərənlər də elə sözügedən xidmət qurumlarının təmsilçiləridir! Hətta “ASAN”da tələb olunan məbləğ ikiqat-üçqat artıq olur . Texniki şərtin alınması ilə sayğacın quraşdırılmasını xidmət qurumu anında etməli olduğu halda çeşidli bəhanələrlə görəvini yerinə yetirmir . “Azərsu” ASC-nin bu sayğac reketliyində özəl rolunu vurğulamasaq olmaz . Bu qurum abonentə texniki şərti verir , amma illər keçsə də, sayğacı qoymur ki, fiziki şəxs, sahibkar özü bazardan SMART KART tipli sayğac almalıdır. İstehlakçı hüququnun kobud pozuntusuna da hüquq qiyməti verilmir . Konstitusiyanın 73-cü maddəsinə görə , heç kimdən qanunda nəzərdə tutulduğundan artıq ödəniş tələb oluna bilməz . “Azərsu” və digər xidmət qurumlarının bu korrupsiya əməllərinin illərdir “çiçəklənməsi” hüquq -mühafizə orqanlarının şübhəli susqunluğu ilə baş verir . Bir sözlə, xidmət qurumları dövlətin və onun başçısının sosial siyasətini həyata keçirməkdən yayınır. Köçkünlərin və əhalinin sosial müdafiəyə ehtiyac duyan təbəqəsinin son vaxtlat keçirdikləri aksiyalar da müvafiq qurumların öz vəzifələrinin yerinə yetirməməsinin nəticəsidir. Sosial etirazları polisin zor gücü ilə yatırmaq yolunu tutan hökumətin xidmət qurumlarına qanunun , hüququn zorunu göstərmələri daha məqsədəuyğun olardı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?