Binəqədinin icra başçısının tezliklə “vurulacağı” bildirilir
Vaxilə Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayev Binəqədi rayonu icra başçısı postu vəzifəsindən uzaqlaşdırılandan sonra rayon sakinləri bundan sonra yaxşı yaşayacaqlarını düşünürdülər. Ancaq Xaləddin Isgəndərov vəzifə başına gələn kimi vətəndaşların problemləri birə-beş artdı. Belə ki, sakinlərə satılan torpaqlara yenidən baxış keçirildi. Lazım olan haqqı verə bilməyənlərin mənzilləri “Sulutəpə olayı”nı yaşadı. Indi isə bu rayonda elə özbaşınalıqlar baş verir ki...
Öncə Binəqədinin kəndindən başlayaq. Buranın problemlərinə diqqət yetirək, sonra keçək, əsas mətləbə...
“Çentralnıy” adlanan ünvan rayonun “kənd Binəqədi”sinin mərkəzidir ki, bura getmək üçün “tretiy” deyilən məkanı arxada qoymalısan. Kəndə gedən yolda kosmetik də olsa işlər görülüb. Neft quyularının gətirdiyi çirkabları örtmək üçün yolun kənarları hasarlanıB, bahalı daşlar bu divarlara hörülüB. Bu çirkabı təmizlətdirmək əvəzinə icra hakimiyyəti onları görməmək üçün daha “böyük işlər”ə baş vurub. Halbuki, o yolları təmizlətdirməyə daha az vəsait sərf olunardı. Ancaq bu işi görən şəxslər daha rahat və daha çox qazanc yoluna əl atmağı özünə rəva biliblər.
Binəqədililər bu çəkilişdən narazıdırlar. Onlar deyirlər ki, yolun kənarına çəkilən hasar görüntü baxımdan yaxşı olsa da, ancaq narahatlıq doğurur. Hər hansı bir
qəza ölümlə nəticələnə bilər. Çünki idarəetməni itirən sürücünün avtomobili divara çırpılacaq. Bu isə ölüm deməkdir. Əgər yolun kənarını xarici ölkələrdəki kimi məftillərlə düzəltsəydilər, bu daha yaxşı olardı.
Sakinlərlə deyir ki, buraya su xətlərinin çəkilməsi, çəkilən xətlərin yenidən təmir olunması üçün nə az, nə çox, düz 8 milyon manat vəsait ayrılıb. Sakinlər illərdir üzləşdikləri problemlərinin həll olunacağı günü səbirsizliklə gözləyirlər. Ancaq deyəsən, hələ çox gözləyəcəklər…
İş burasındadır ki, rayondakı abadlıq-quruculuq “işləri” kosmetik səciyyə daşıyır və dövlət vəsaitlərini mənimsəməyə hesablanıb. Təkcə onu demək kifayətdir ki, Xaləddin Isgəndərov rayona icra başçısı gələn kimi Binəqədinin mərkəzində yerləşən Heydər Əliyev parkını təmirə bağlatdı. Halbuki park yeni təmir olunmuşdu.
Qeyd edək ki, Rəsulzadə qəsəbəsində yerləşən bu park 2001-ci ildə salınıb. Binəqədinin keşmiş icra başçısı Alı Qocayev bu parkı bir dəfə əsaslı təmir etdirmişdi.
2010-cu ilin dekabrından yenidənqurma işlərinə başlanıldı və 2011-ci ilin sonlarında istifadəsi nəzərdə tutulmuşdu. Deyilənlər kimi də oldu və bir ildən sonra, yəni 2011-ci ilin sonlarında park rayon sakinlərinin ixtiyarına verildi. Ancaq az keçmədi ki, yenidən təmirə dayandırıldı. Sonuncu dəfə istifadəyə veriləndə parkın giriş qapısı 10 sütundan ibarət idiki, hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metr idi. Bundan əlavə, girişdə 25 metr hündülükdə bayraq dirəyi ucaldılmışdı.
Maraqlı bir faktı da diqqətinizə çatdıraq ki, icra başçısı vəzifəsinə gələn Xaləddin Isgəndərov parkda əsaslı təmir və yenidənqurma işlərinin aparılmasını əmr etdi və işlər yekunlaşandan sonra icra başçısı əraziyə baxış keçirib. Işin nəticələrindən razı qalmayan Isgəndərov sökmək göstərişini verdi. Hətta 10 sütunluq giriş qapısına da əlvida deyildi və parkda əkmək üçün gətirilən güllər sonradan geri qaytarıldı.
Beləliklə, iki ildə park üç dəfə təmir edildib ki, bunun üçün də 4-5 milyon manatdan artıq vəsait xərcləndi.
Binəqədi bəlkə də Bakının əhali sarıdan ən yüklənmiş rayonudur. Birincisi, burada məcburi köçkünlər daha çox məskunlaşıb. Ikincisi, rayonlarda dolanışıq olmadığı səbəbindən Bakıya gələrək burada çalışıb çörək qazanan insanların çoxu Binəqədi rayonu ərazisində yaşayır.
Onu da qeyd edək ki, Binəqədi rayonu ərazisində yaşayanların problemi ilə Bakının və ölkənin başqa rayonlarında yaşayan əhalisinin problemləri arasında ciddi fərq yoxdur. Ölkənin hər yerində işsizlik, çox işləyib az əmək haqqı alma halları var və bu, Binəqədi sakinlərinə də aiddir.
Binəqədinin əsas problemlərdən biri də sənədsiz evlərlə bağlıdır. Məsələn, insanlar zamanında bələdiyyədən torpaq alaraq ev tikiblər. Indi isə bəlli olur ki, bu torpaqlar Dövlət Neft Şirkətinə məxsusdur. ARDNŞ isə onun torpaqlarını satan bələdiyyə orqanlarını deyil, sadə insanları məhkəməyə verib və onların evlərini başına uçurmaq istəyir. Yüzlərlə vətəndaş məhkəməyə üz tutub.
SSRI zamanı Bakının ən böyük parklarından olan və hazırda şəhid Ramiz Aboyevin adını daşıyan park da baxımsızlıq ucbatından dağılıb gedir.
Məlumatlara görə, parkın ərazisinin müəyyən bir hissəsi iş adamlarına satılıb. Və onlar da sözügedən ünvanda obyekt tikdiriblər.
Sakinlər deyirlər ki, Binəqədinin problermləri dizə qədərdir: “Problemləri saymaqla bitməz. Biz nə icra başçılarından, nə də deputatlardan bir xeyir gördük. Bir yeri 10 dəfə söküb tikirlər. Ancaq ortada heç nə yoxdur. Seçkidən seçkiyə deputatları, idarə rəhbərlərini görürük. Seçki bitən kimi hamı qeybə çəkilir. Milli Məclisə keçirilən sonuncu seçkilərdə hamı gəldi vədlər verdi. Indiyə kimi problemlərin heç bir həll olunmayıb”.
Binəqədi sakinləri su və kanalizasiya sistemlərinin olmamasından şikayətlənirlər. Sakinlərin bildirdiklərinə görə yola axıdılan kanalizasiya sularından qalxan üfunət iyi yayda dözülməz hal alır.
Həmçinin sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də şikayətlərinə baxan tapılmır.
Qeyd edək ki, bir qədər öncə Hesablama Palatasının Binəqədi İcra Hakimiyyətində yolxlamalar aparıb
Redaksiyaya etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, yuxarı instansiyalara rayondakı məlum problemlər və onların həlli zamanı yaranan əngəllər barədə xeyli sayda şikayət məktubu göndərilib.
Eyni zamanda bu növ şikayətlərin mətbuatda ardıcıl olaraq işıqlandırılması vəziyyəti bir qədər də çətinləşdirib. Bildirilir ki, Binəqədi rayonunda ciddi problemlər movcuddur. Rayona nəzarəti öz yaxın qohumlarına tapşıran Xaləddin İsgəndərov oğlunu bir qədər də irəli çəkib.
İdarə müdirləri ilə icra başçısı kimi davranan oğulun bu hərəkəti ciddi problemlərə yol açır. Elə məlum
problemlərin biri də baş verdi. 15 nəfərin ölümü ilə tarixə yazılan məlum yanğın hadisəsi bunun bariz nümunəsi idi.
Məlumata görə, baş verən yanğından sonra yoxlamalar daha ciddi şəkilə aparılıb. Nəticələr içtimaiyyətə aşıqlanmasa da, kifayət qədər maliyyə yeyintiləri ilə yanaşı ciddi qusurlar aşkarlanıb. Bütün məlumatlar yuxarı instansilayalara çatdırılıb. Redaksiyaya daxil olan məlumata görə, icra başçısı Xaləddin İsgəndərov yoxlamanın nəticələrinə müdaxilə etmək istəsə də, buna nail ola bilməyib.
Həmçinin oğlunu bir qədər kənara çəkməklə baş verənlərlə bağlı məsuliyyəti idarə və şobə müdirlərinin üstünə atmaq cəhdləri narazılıqla qarşılanıb. Artıq bir neçə idarə müdiri vəzifədən uzaqlaşmaq üçün yollar axtarır. Hətta onlardan bir neçəsi xəstəxanaya da müraciət edib ki, guya səhhətlərində problem var. Bir sözlə, icra başçısı
Xaləddin İsgəndərovun yaxın vaxtlarda, daha doğrusu yanan binadakı təmit-tikinti işləri bitəndən sonra postdan uzaqlaşdırılması qaçılmazdır. Həbs ehtimalı da mümkündür.
Qeyd edək ki, Binəqədi rayonunda su kəmərlərinin üstündə qanunsuz tikinti işləri yenidən həyata keçirilir.
Verilən məlumata görə, 7-ci mikrorayon, 3126-cı məhəllədə dövlət ehtiyacları üçün alınaraq sökülmüş fərdi yaşayış evlərinin yerində, magistral su kəmərlərinin sanitar mühafizə zolağında, o cümlədən su xətlərinin üstündə qanunsuz tikinti işləri aparılır.
Sakinlərin sözlərinə görə, bir dəfə tikintini dayandırmağa müvəffəq olublar. Amma yenidən qanunsuz tikinti işlərinə başlayıblar. Sakinlər deyirlər ki, kasıb bir qonşunun evi sökülüb: “Dövlət ehtiyacları üçün alıb sökdülər, magistral su kəmərlərini oradan apardılar. İndi də varlı qonşu bu ərazini zəbt
edərək kəmərlərin üstündə qanunsuz tikinti aparır”.
Xatırladaq ki, Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Qeyd edək ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.
Sonda onu da qeyd edək ki, uzun müddətdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti və rayonda yaratdığı acınacaqlı vəziyyət medianın gündəmindən düşmür.
Araşdırmalarımız nəticəsindən məlum olub ki, icra başçısı son günlər düşdüyü çətin durumu pərdələmək üçün İcra Hakimiyyətində və rayondakı dövlət idarələrində çalışan məmurların yaxın qohumlarına “zəhmətkeş məktubları” yazdırır. O, bununla yuxarı dairələri aldatmaq, Binəqədidə vəziyyətin heç də deyildiyi və yazıldığı kimi ağır olmadığını göstərmək istəyir.Əldə etdiyimiz məlumata görə, belə məktublardan birini də köməkçisinin atasına yazdırtdırıb.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda gedən Xaləddin İsgəndərov tia.az-a “zəhmətkeş məktubu” yollatdı” başlıqlı yazıda – Eldar Şahgəliyevin adından yazılan “zəhmətkeş məktubu”nda Xaləddin İsgəndərovun “əməlləri” təqdir olunur. Hətta həmin “zəhmətkeş məktubu”nda X.İsgəndərov ölkənin ən yaxşı məmurlarından biri kimi təqdim edilir.
“Gündəmxəbər”ın apardığı araşdırmalar göstərir ki, Eldar Şahgəldiyev Xaləddin İsgəndərovun köməkçisi (baş mütəxəssis) Şəbnəm Şahgəliyevanın atasıdır. Xaləddin İsgəndərov “izi” itirmək üçün bir müddət İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Şəbnəm Şahgəliyevanın soyadını dəyişdirərək Süleymanlı soyadı ilə əvəz edib. Sonradan icra başçısının köməkçinin adı yenidən Şəbnəm Şahgəldiyeva kimi qeyd olunub.
Bütün bunlar onu göstərir ki, icra başçısı özü də bu postda müvəqqəti oturduğunun fərqindədir. Tezliklə onu yola salacaqlar…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?