Millət vəkilinin mühafizəsi üçün DİN-ə müraciət edilib
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə dünən AMİP-in qərargahında “Bütöv Azərbaycan: həmrəyliyimizə gedən yol” mövzusunda keçirilən dəyirmi masada VHP Siyasi Şurasının üzvü, partiyanın beynəlxalq və ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Arif İsmayılbəyli bildirib. VHP nümayəndəsi deyib ki, dekabrın 5-də VHP-nin qərargahında DAK-ın təşəbbüsü ilə konfrans keçirilib: “Həmin tədbirdə ciddi müzakirələr aparıldı. Bundan iki gün sonra, yəni dekabrın 7-də İranın Azərbaycandakı səfirliyi həmin konfransı kəskin pisləyən bəyanatla çıxış etdi. Qeyd edim ki, İran səfirliyi son illərdə ilk dəfə idi ki, bu cür kəskin bəyanatla çıxış edirdi. Bəyanatın mətnində açıq-aşkar təhdid xarakterli fikirlər işlədilmişdi. Bəyanatda Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə birbaşa terrorçu, separatçı, təxribatçı adlandırılırdı. Qeyd olunurdu ki, guya bu iki şəxs Azərbaycanla İran arasında ciddi ixtilaflar yaratmaq istəyirlər. Bu bəyanatdan sonra biz məcbur qalıb Sabir bəyin mühafizəsi ilə bağlı dövlət başçısına və daxili işlər nazirinə müraciət etdik”. Dekabrın 19-da İstanbuldakı xəstəxanaların birində bel nahiyəsində kiçik cərrahi əməliyyat keçirən və hələ də bu şəhərdə olan millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında dövlət başçısına və daxili işlər nazirinə belə bir müraciətin edildiyini təsdiqləyib. O qeyd edib ki, müraciətdən az sonra Bakı Şəhər Baş Polis İdarəsindən VHP-yə zəng edib müraciətin edilməsinin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Şəhər polisindən zəng edənlər həmçinin, millət vəkilinin hansı ünvanda yaşadığını soruşublar: “Mən bu müraciətin edilməsindən az sonra ölkəni tərk etdiyimdən indi konkret söz söyləməyə çətinlik çəkirəm. Onu bilirəm ki, Bakı Şəhər Baş Polis İdarəsindən zəng edib müraciətlə maraqlanıblar, ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra yəqin ki, mən özüm də maraqlanacam, məsələni yoluna qoyacam”. Millət vəkili qeyd edib ki, İran tərəfindən özünə qarşı daim təhdid hiss edir: “Hər halda mən bu təhdidləri hiss edirəm. Bildiyiniz kimi, bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fətva vermişdilər. Məni açıq-aşkar düşmən elan edirlər, DAK-ın fəaliyyətini terrorla əlaqələndirirlər. Amma mən bu məsələlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. İran səfirliyinin bəyanat yaydığı vaxt da xaricdə idim. Onların nə yazdıqlarını çox da oxumuram və əhəmiyyət vermirəm. Səfirliyin nə dediyi məni az maraqlandırır. Çünki yeni bir şey deyəcəklərini gözləmirəm. İran tərəfinin mövqeyi hər zaman bəllidir. Açığı bu müraciəti də şəxsən mən özüm deyil, partiya rəhbərliyi partiyanın adından ünvanlayıb. Bakı şəhər polisindən də bu müraciətin nəticəsi olaraq zəng vurub maraqlanıblar. Şəxsən mənim özümə heç nə deməyiblər. Qayıdandan sonra hər halda bu məsələni müzakirə edəcəyik”. S.Rüstəmxanlı Azərbaycana yanvarın 3-də dönəcəyini də bildirib. Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə VHP tərəfindən nazirliyə belə bir müraciətin daxil olduğunu təsdiqləyib. Şöbə rəisi deyib ki, daxil olmuş müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara lazımı göstərişlər verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?