İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə dekabrın 5-i Bakıda keçirilmiş "Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz" konfransını pisləyən bəyanatla çıxış edib. Bəyanatda DAK, eyni zamanda onun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə separatçı, təxribatçı adlandırılıb. İran səfirliyinin dekabrın 7-də yaydığı bəyanatda deyilir: “İran İslam Respublikası və Azərbaycan Respublikasının xalqları arasında dostluq əlaqələrini zəiflətmək və Tehranla Bakı arasındakı mehriban münasibətlərə xələl gətirmək məqsədilə bir daha provokativ bir addım atılmış və sözdə “Dünya Azərbaycanlıları Konqresi” adlanan separatçı qrup beynəlxalq sionizmi və dünya imperializminin niyyətlərini gerçəkləşdirmək naminə Bakıda fəaliyyətə keçmişdir.
Sözügedən konfransda uzun illər İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmətlərinə görə tanınmış şəxslər cəfəngiyat söyləməyə başlamış və İran İslam Respublikasını təhqir etməklə, eləcə də qıcıqlandırıcı çıxışlarla beynəlxalq sionizminin nəzərdə tutduğu separatizm təfəkkürünün təbliğatına başlamışlar. Bu qruplaşma Azərbaycan xalqının diqqətini Azərbaycan Respublikasının təhlükəsizlik problemlərinin ən önəmlisi hesab edilən Qarabağ münaqişəsindən yayındırmaq məqsədilə anti-İran separatçılığı meylləri qızışdırmaq niyyətindədir və bu konfransda rüsvayçılıqla İran İslam Respublkasının ərazi bütovlüyünü sual altına almış və öz-özlərini müstəqil elan etmək üçün də Qarabağ separatçılarının əsaslandırmalarına oxşar izahlardan istifadə etmişlər. İran İslam Respublikasının səfirliyinin qənaətincə, beynəlxalq sionizmlə bağlı qruplaşmalar yadellilərin xeyrinə sabitsizlik və əmin-amansızlıq yaratmaq istiqamətində etnikləri qıcıqlandırmaq və bununla da Azərbaycan Respublikasındakı müxtəlif etniklərin də arasındakı milli həmrəyliyi, birliyi aradan aparmaq istəyirlər. Aydındır ki, anti-İran və separatçı qrupların sərbəst fəaliyyəti İran-Azərbaycan Respublikası münasibətlərinin müsbət inkişaf istiqaməti ilə daban-dabanadır və belə bir gözlənti var ki, Azərbaycanın möhtərəm hakimiyyəti də belə qruplara qarşı lazımi səviyyədə həssaslıq nümayiş etdirəcəkdir. İran İslam Respublikasının səfirliyi sözügedən tədbirdə səslənən cəfəng fikirləri pisləməklə yanaşı, əmindir ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının müsəlman və şiə xalqı bir-biri ilə olan dostluq bağlarını qorumaqda qərarlıdır və bu dostluğu pozmağa yönələn üzdəniraq tanınmış həmin şəxslərin səyləri boşa çıxacaqdır. Qeyd etmək lazımdır ki, DAK adlanan qruplaşmanın qeyri-rəsmi konfransı çərşənbə günü (5 dekabr) keçirilmiş və separatçı kimi tanınan Sabir Rüstəmxanlı və İrandan qaçmış əks-inqilabçılardan olan Əjdər Tağızadə “Cənubi və Şimali Azərbaycan” kimi saxta və əsası olmayan terminlər işlədərək Stalin və sovet dönəmində olduğu kimi İranın tarixini saxtalaşdırmağa çalışmış və İran İslam Respublikası əleyhinə təhqiramiz ifadələr səsləndirmişlər”.
Sorğu
Yeni dizaynımız necədir?