Keçmiş səfir və millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.
“Qafqazinfo” xəbər verir ki, N. Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.
Sayta açıqlamasında N. Nəsibli faktı təsdiq edib. Lakin o bu qərarı ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.
1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
Virtualaz.org onu da xatırladır ki, Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləyib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olub. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışıb. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləyib. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı alıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?