Bloger Tofiq Şahmuradov inzibati qaydada bir ay müddətində həbsə məhkum edilib.
Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu), “miq.az” saytının rəhbəri Aqil Alışov, Şirvan şəhər sakini Elçin İsmayıl, Lənkəran rayon sakini Əli Cabbarlı və Xaçmaz rayon sakini Nuranə Fətəliyeva prokurorluq tərəfindən xəbərdarlıq edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatınna görə, “facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Tofiq Şahmuradov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Baş Prokurorluğun məlumatında deyilir ki, son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.
“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.”
Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Həbs edilən blogerin ailə üzvləri və vəkili prokurorluğun məlumatına hələ münasibət bildirməyib. Xəbərdarlıq edilən blogerlər də hələ prokurorluğun məlumatını şərh etməyib.
Yalnız “Jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu) Amerikanın Səsinə deyib ki, prokurorluğun xəbərdarlıq qərarını qəbul etmir.
“Kəlbəcərdə mina partlaması ilə bağlı yaydığımız xəbəri Müdafiə Nazirliyi təsdiq edib. Burada hər hansı hərbi sirdən və qanun pozuntusundan söhbət gedə bilməz. İndi vəkillərimlə məsləhətləşirəm, ola bilsin ki, prokurorluğun qərarından məhkəməyə şikayət verdim,” Fərəməzoğlu Amerikanın Səsinə deyib
Sorğu
Yeni dizaynımız necədir?