Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. İclasda Hacıyev dövlət ittihamçısı Eldar Həmzəyə yazılı etirazını təqdim edib.
O, bunu prokurorun Cinayət-Prosessual Məcəllənsinin tələblərini pozması və şahidə işin hələ məhkəmədə baxılmamış materialları üzrə sual verməsi ilə əsaslandırıb.
O deyib ki, bu prokurorun adı ABŞ Konqresinə təqdim edilmiş sanksiyalar siyahısında var, bu da onun siyasi motivli proseslərdə iştirak etməsi deməkdir.
Eldar Həmzə özü bildirib ki, ona qarşı sanksiya tətbiq edilməyib. Bundan başqa, dövlət ittihamçısı hesab edir ki, o, erməni separatçıların işi üzrə məhkəmədə prokuror olduğuna görə siyahıya salınıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Hacıyev növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyi haqqında vəsatət verib. O, bunu "prosesin süni şəkildə uzadılması", "heç bir vəsatətin təmin edilməməsi", məhkəmənin özünün isə "siyasi və sifarişli xarakter" daşıması ilə izah edib.
“Buna görə məhkəmənin obyektivliyindən söhbət gedə bilməz”, Hacıyev bildirib.
Prokuror vəsatətə etiraz edib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Hacıyev buna baxmayaraq, prosesdə iştirak etməyəcəyini bildirib.
Proses cinayət işinin sənədlərinin tədqiqi ilə davam etdirilib.
Növbəti məhkəmə iclasının vaxtı elan edilməyib və qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?