İradə Murğuzova: “Baxmayaraq ki, kreditə götürülmüş 4 min manat pul Kifayət xanımın adına sənədləşdirilsə də, ödənişləri mən həyata keçirdim və son anda bankdan ödəmənin başa çatması barədə ayayışı da aldım” O Bir-iki gün bundan öncə “Gündəm Xəbər” qəzetininin redaksiyasına Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti-46, mən-35 ünvanında yaşayan Murğuzova İradə Məmmədəli qızı tərəfində şikayət ərizəsi daxil olmuşdur. O, üz-üzə qaldığı problemlərlə bağlı yazmış olduğu şikayət ərizəsində qeyd edir ki, “mən Xətai rayonundakı 171 saylı məktəbdə direktor işlədiyim vaxt, məktəb müəllimlərindən bəziləri mənə şər-böhtan atmaqla bərabər, bəzi ünvanlarda həqiqəti ifadə etməyən açıqlamalar da danışmağa başladılar. Hətta bu azmış kimi, onlar bir çox mətbu orqanlarda mənimlə bağlı, əsası olmayan silsilə tənqidi açıqlamalar da dərc etdirdilər. Müxtəlif başlıqlar adı altında, o cümlədən “Müəllimlərə kredit aldıran və özlərinə ödətdirən məktəb direktoru”, “Şikayət etməyimizə baxmayaraq, hələ də Murğuzova kreslosunda oturub” və.s kimi başlıqlı açıqlamalar, yalnız və yalnız mənim işgüzar nüfuzuma xələl gətirməkdən başqa bir şey deyildi. O Bir həqiqəti qeyd edim ki, direktor işlədiyim vaxt mənə pul lazım oldu. Belə bir səbəb üzündən də, məktəbimizdə müəllimə işləyən Kifayət Rzayevadan xahiş etdim ki, mümkünsə mənə 4 min manat pul ver. O, mənimlə olduqca səmimi münasibətdə olduğundan, etdiyim xahişi qəbul etdi və bankların birindən 4 min manat kreditə pul götürüb mənə verdi. Baxmayaraq ki, kreditə götürülmüş 4 min manat pul Kifayət xanımın adına sənədləşdirilsə də, ödənişləri mən həyata keçirdim və son anda, ödəmənin başa çatması barədə bankdan ayayışı da aldım. Amma, az sonra Kifayət Rzayeva əvvəlki “həyat yoldaşı” Teymur Rza ilə əlbir olaraq, bir qədər də dəqiqləşdirdiyim məlumatlara görə, birbaşa onun təkidi ilə ANS televiziyasına açıqlama verərək bildirdi ki, guya həmin kreditin ödənilməsini mən ona məcburi qaydada ödətdirmişəm. Hətta bu azmış kimi, o, televiziyaya verdiyi açıqlamasında digər müəllimlərin də adından çıxışlar edib, mənə qarşı növbəti şər-böhtan danışmağı da unutmadı. Baş verən belə bir olaylardan əlavə onu da qeyd edim ki, direktor olduğum vaxt məktəbimizdə sinif müəlliməsi işləyən Vəfa Salayeva bir neçə müəlliməni, texniki işçiləri müxtəlif bəhanələrlə aldada bilir və onları kredit götürməyə də vadar edir. Onlar kreditə götürdükləri pulları vaxtlı-vaxtında ödəyə bilmirlər və son anda elə bir vəziyyət əmələ gəlir ki, bank onları məhkəməyə verməyə də məcbur olur. Təəssüf doğuran hal o oldu ki, Vəfa Salayevanın təkidi ilə müəllimlərin və texniki işçilərin kreditə götürdükləri pulları da, dolayısı yollarla mənim adımla bağladılar. Yəni bu cür addımlar, mənə qarşı düşünülmüş təxribatlar oldu. Açıq-aydın şəkildə məni belə bir yollarla şərlədilər və daşıdığım vəzifədən uzaqlaşdırılmağım üçün, nazirliyə kifayət qədər əsası olmayan kompromatlar da çatdırdılar. Artıq iki ilə yaxındır ki, daşıdığım vəzifəmdən uzaqlaşdırıldığım üçün, bu gün də işsiz qalmışam. Əmək kitabçama yazılan əmrə görə, heç bir yerdə işlə də təmin oluna bilmirəm. Hal-hazırda ailəmizin bütün yükü mənim üzərimdədir. Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllimin mövqeyinə gəlincə isə, o, direktor vəzifəsindən uzaqlaşdırılarkən, nə mənim, nə də ki, izahat verən müəllimlərdən heç birinin mövqeyini nəzərə almadı. Yəni, Rövşən müəllimin mənə yanaşması o oldu ki, yaşanan problemlərin hamısını mənim boynumda qoydu. Bu da o deməkdir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin rəsmisi daşıdığı vəzifəsini lazımınca yerinə yetirmədi, yaxud da yetirmək istəmədi. Bu belə olduğu halda, hər kəsdə belə bir düşüncə də formalaşır ki, o, cənab Mikayıl Cabbarovun təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi islahat proqramlarının həllinə, heç də lazımi dəstəyini göstərmək istəmir. 0 Bu gün baş verənləri öz-özlüyümdə təhlil edirəm və belə bir qənaətə gəlirəm ki, mənə qarşı aparılan qərəzli kompaniyalardan cənab nazirin heç cür xəbəri olmayıb. Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllim isə, həmin vaxt bir çox vəzifə sahibləri kimi, yalnız şəxsi maraqlarını üstün tutdu. Çünki, lazımınca idarəçilik qabiliyyəti olmayan, sahib olduğu ixtisasını və metodikanı yetərincə bilməyən Mədinə Tağıyeva kimiləri, məhz onun dəstəyi sayəsində mənə qarşı nalayiq ifadələr işlətdilər, hədə-qorxu gəldilər və bildirdilər ki, “artıq Misir Mərdanov yoxdur, bir-iki ərizə yazmaqla səni direktorluqdan çıxartdıracağıq” dedilər. Odur ki, Mədinə Tağıyeva və onun kimilərin danışıqları, hərəkətləri, bu gün də məni düşündürməkdədir. 0 Onu da vurğulayım ki, mənim 171 saylı məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılmağım, cənab Cabbarovun nazir təyinatından təqribən 5-6 ay sonra baş verdi ki, ötən müddət ərzində də o, təhsil sahəsində baş verənlərdən heç cür yetərincə xəbərdar ola bilməzdi. Çünki o, digər sahədən Təhsil Naziri vəzifəsinə təyin olunmuşdu. Eyni zamanda bir neçə müəllimə ilə bərabər, Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllimin də, mənə qarşı qərəzli yanaşması və nazirliyə kifayət qədər əsası olmayan kompromatların çatdırılması, məhz mənim direktor vəzifəsindən uzaqlaşdırılmağıma əsas verən səbəblər oldu. 0 Bu günədək mənim təhsil sahəsində 29 illik iş təcrübəm var. Çalışdığım illər ərzində başlıca amalım yalnız və yalnız dövlətimizə, dövlətçiliyimizə xidmət etmək olub. Belə bir səbəblər üzündəndir ki, direktor olduğum illər ərzində bir neçə diplomlara, fəxri fərmanlara, müxtəlif medallara, tərifnamələrə və.s layiq də görülmüşəm. Bundan əlavə, rəhbərlik etdiyim təhsil ocağında məktəb müəllimləri vahid forma geyinirdilər, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu 80-90 faiz nisbətində olurdu. Məktəblər arasında keçirilən olimpiada və fənn yarışlarında isə, rəhbərlik etdiyim təhsil ocağı həmişə öncül yerlərdən birini tuturdu. 0 Bütün bunlardan başqa, 1993-cü ildən YAP Xətai rayon təşkilatının fəal üzvlərindən biri olmaqla bərabər, hər seçkidə rayon şurasına üzv də seçilmişəm. Qadınlar şurası sədrinin müavini, ictimai şuranın üzvü də olmuşam. 0 Bəli, bu gün də Azərbaycan təhsili inkişaf etməkdədir. Çünki, həyata keçirilən islahat proqramları, məni də belə düşünməyə vadar edir. Bunun başlıca səbəb isə, cənab Mikayıl Cabbarovun gənc olması və bütün enerjisini, illər uzunu topladığı iş təcrübəsini və.s-ni, təhsil sahəsindəki problemləri aradan qaldırmağa yönəltməsidir. İnanıram ki, dövlətimiz üçün olduqca strateji bir sahə olan Azərbaycan təhsili, yaxın bir-iki il ərzində daha çox yenilikləri ilə diqqəti cəlb edəcək”. 0 Bütün bunlar 29 il ərzində Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan, eyni zamanda gənc nəslin förmalaşmasında və onların sağlam ruhda tərbiyyə olunmalarında silinməz izlər buraxan, həmçinin başlıca amalı dövlətimizə və dövlətçiliyimizə xidmət etmək olan İradə Murğuzovanın danışdıqlarıdır. İnanırıq ki, kifayət qədər iş təcrübəsi, peşəkarlığı, bacarığı ilə fərqlənən xanım Murğuzovanın əmək fəaliyyəti, bundan sonra da diqqətdə saxlanacaq. 0 Digər tərəfdən onu da vurğulamaq yerinə düşər ki, İradə xanım bir çox məsələlərdə ittiham olunsa da, əslində yaşananlar başqa-başqa məqamlardan xəbər verir. Çünki, qol qoyulan qanunsuzluqlarda, ittiham olunan bir çox məsələlərdə təkcə o iştirakçı olmayıb. Yəni, bütün ittihamlar ona qarşı yönəlsə də, əslində başa düşmək gərəkdir ki, nazirliyin ayrı-ayrı qurumlarında vəzifə sahibi olanlar da, yaşanan “oyunların oyunçuları” olublar. 0 P.S. Qəzetimiz çapa gedərkən belə bir məlumat da əldə etdik ki, olduqca strateji əhəmiyyət kəsb edən dövlət qurumlarının birində, hal-hazırda mətbuat xidməti katibliyində vəzifə sahibi olan şəxslərdən biri, vaxtilə İradə Murğuzova ilə bağlı məlumatları bəzi mətbu orqanlarda qərəzli şəkildə dərc etdirirmiş. Hələlik etika naminə həmin şəxsin adını çəkmirik və apardığımız araşdırmalar tam yekunlaşdıqdan sonra, geniş ictimaiyyəti bu yöndə məlumatlandırmağa çalışacağıq. Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?