Son günlər ayrı-ayrı mənbələrdən müxtəlif məlumatlar əldə etmişik ki, bəzi üzdəniraq KİV “nümayəndələri”, özlərini daha çox respublikamızın ucqar bölgələrində “Gündəm Xəbər” qəzetinin əməkdaşları kimi təqdim edirlər. Belə bir addımlar atmaqla, əslində onlar hansısa çirkin məqsədlərini həyata keçirməyi də bacarırlar. Məsələn, belə bir məlumatlar əldə etmişik ki, həmin şəxslər “Gündəm Xəbər” qəzetində işıq üzü görən tənqidi açıqlamalarla bağlı, redaksiya əməkdaşlarının xəbəri olmadan bəzi vəzifə sahibləri ilə hansısa danışıqlar aparır və qəzetin növbəti sayında dərc olunacaq açıqlamaları dayandıracaqları vədini də verirlər. Odur ki, idarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin diqqətinə onu çatdırmaq istəyirik ki, həmin şəxslərin “Gündəm Xəbər” qəzetinin əməkdaşı olub-olmadıqlarını dəqiqləşdirmək üçün, mütləq redaksiyamızla (mob: 055-209-03-66: 012-538-76-26) əlaqə saxlamağa çalışın. O halda atılan hər bir addım, yəqin ki, hər kəsə güntəki aydın olacaq. Əlavə olaraq onu da bildirək ki, həmin şəxslərin belə bir addımlar atmalarının özəl səbəbləri də var. Çünki, “Gündəm Xəbər” qəzeti həftədə üç dəfə işıq üzü görür, qəzet bazarında satılır və ictimai fikrin formalaşmasına da təsir edir. Məhz, belə bir səbəblər üzündən də, həmin şəxslər adı çəkilən qəzetin redaksiyasının əməkdaşı olduqlarını zorən qarşı tərəfə bildirirlər və sanki bu adı daşımaqla, qürur hissi də keçirirlər. Odur ki, hər bir vəzifə sahibindən belə bir olayla üz-üzə qaldıqları təqdirdə, həmin şəxsdən ya redaksiya rəhbərliyinin təqdim etdiyi vəsiqənin tələb olunmasını, ya da ki, redaksiya ilə əlaqə saxlamalarını xahiş edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?